Aqrar Universitetin əcnəbi tələbələrinə “ADAU məhsulları” hədiyyə olunub
Gəncə, 8 aprel, Rauf Hacıyev, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin rejimi dövründə ölkədə ayrı-ayrı vətəndaşlar, yaxud dövlət müəssisələri, qeyri-hökumət təşkilatları və ictimai birliklər tərəfindən irəli sürülmüş müxtəlif xeyirxah təşəbbüslərdən daha biri Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) tərəfindən icra edilir.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ADAU-da təhsil alan və tələbə evində yaşayan tələbələrə universitetin Tədris-təcrübə təsərrüfatında, istixanada, Quşçuluq Tədris Mərkəzində, heyvandarlıq kompleksində istehsal olunan ekoloji təmiz tərəvəz, süd və quşçuluq məhsulları verilib.
Cari tədris ilində ADAU-ya rekord sayda əcnəbi tələbə qəbul olub və hazırda universitetdə Türkiyə, Rusiya, İran, Malayziya, Konqo, Gürcüstan, Somali, Lesoto və digər ölkələrdən tələbələr təhsil alırlar.