AQTA: Ərzaq bazarları sağlamlaşdırılır
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin plandankənar nəzarət tədbirləri zamanı “8-ci kilometr” bazarı kimi tanınan ərazidə fəaliyyət göstərən “Nəzrin-E” MMC-yə məxsus bazarda aşkar edilən diri quşların satışı və qanunsuz kəsimi, süd və süd məhsullarının, müxtəlif növ turşuların və diri balıqların açıq şəraitdə, soyuducu avadanlıqlar olmadan və baytarlıq-sanitariya ekspertizasından keçirilmədən satışa təqdim edilməsi və digər faktlar sahibkar tərəfindən aradan qaldırılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qida subyekti tərəfindən obyektdə aşkar olunan nöqsanlar əsasında tələb edilən tədbirlər icra olunaraq fəaliyyəti sağlamlaşdırılıb.
Bazarda qanunsuz quş kəsimi ləğv edilib və dezinfeksiya işləri aparılıb, süd məhsullarının soyuducu vitrinlərdə saxlanılması və markalanması təmin olunub, satış piştaxtaları gigiyenik materiallardan təşkil edilib, işçilər dövri tibbi müayinədən keçib.
“Ərzaq bazarlarında aparılan monitorinqlərin əsas məqsədi istehlakçı hüquqlarının qorunması, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, eləcə də bazarlardakı nöqsanların aradan qaldırılması və onların sağlamlaşdırılmasından ibarətdir”, - deyə məlumatda bildirilir.
Bu barədə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.