CƏMİYYƏT
Aran bölgələrində ağaclarda zərərvericilərin kütləvi yayılmasının intensivliyi daha yüksəkdir
Yevlax, 9 avqust, G.Mahmudlu, AZƏRTAC
Təəssüflər olsun ki, son illərdə qışın mülayim və şaxtasız keçməsi qabıq böcəklərinin daha sürətlə artmasına şərait yaradır. Qabıq böcəklərinin aktiv olduğu ərazilərdə şam ağaclarının gövdəsində spesifik deşiklərin olduğu, iynə yarpaqların yaşıldan sarı və qəhvəyi rəngə çevrildiyi müşahidə edilir. Son nəticədə ağaclarda quruma prosesi başlayır. Qurumuş və qurumaqda olan ağacların həm xəstəliyi yaydığını, həm də ətrafdakılar üçün təhlükə mənbəyi olduğunu nəzərə alaraq onların kəsilərək sahədən uzaqlaşdırılması vacib şərtlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi, biologiya elmləri doktoru Vahid Fərzəliyev deyib.
Xidmət rəsmisinin sözlərinə görə, zərərvericinin daha geniş ərazilərə yayılmasının qarşısının alınması məqsədilə yaşıllıqlara göstərilən sanitar-sağlamlaşdırıcı tədbirlər genişləndirilməli, ağaclara normal aqrotexniki qulluq göstərilməlidir. Quraqlıq və antropogen stresə məruz qalan ağaclar vaxtlı-vaxtında suvarılmalı və müxtəlif qida maddələri, üzvü və mineral gübrələrlə qidalandırılmalıdır. Aran bölgələrində ağaclarda zərərvericilərin kütləvi yayılmasının intensivliyi daha yüksəkdir. Xüsusən qumsal torpaqlarda ağacların həyati qabiliyyətlərinin daha zəif olduğunun, xəstəlik və zərərvericilərə asan yoluxduqlarının şahidi oluruq. Bu, qumsal torpaqların suyu saxlamadığı və qida elementləri ilə az təminatı ilə əlaqədardır. Belə hallarda əraziyə torpaq analizləri hesabına çatışmayan qida elementləri verilməli, isti yay və quraqlıq dövrlərində ağaclar 7-10 gündən bir bol suvarılmalı, suyun torpağın daha dərin qatlarına keçməsi təmin olunmalıdır. Eyni zamanda, çətirin altındakı torpaq örtüyünün bərkiməsinin qarşısını almaq lazımdır. Torpağın bərkiməsi kök sisteminin normal tənəffüsünün, torpaqdan su və qida elementlərini mənimsəməsinin qarşısını alır. Gövdənin mexaniki zədələnmiş hissələri bağ məlhəmi ilə örtülməlidir. Çünki zədələnmiş yerlərdə baş verən şirə axını həşəratları özünə cəlb etməklə xəstəlik və zərərvericilərin yayılmasına səbəb ola bilər.
V.Fərzəliyev şam ağaclarının iqlim dəyişikliyi amillərinə, xüsusən də quraqlıq stresinə çox həssas olduğunu deyib. O qeyd edib ki, nəticədə həm ağaclar quruyaraq sıradan çıxır, həm də zərərvericinin sayında kəskin artım müşahidə edilir.
"Odur ki, gələcəkdə daha çox qarışıq əkinlərə üstünlük verilməlidir, çünki bu cür əkinlər daha davamlı olurlar", - deyə xidmət rəsmisi fikirlərinə yekun vurub.