Azərbaycan Dövlət İnformasiya Agentliyi

ARDNŞ-İN BİRİNCİ VİTSE-PREZİDENTİ, MİLLİ MƏCLİSİN DEPUTATI İLHAM ƏLİYEVİN VAŞİNQTONA SƏFƏRİ

ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev Vaşinqtona səfəri çərçivəsində oktyabrin 22-də bir sıra görüşlər keçirmiş, Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunda “Cənubi Qafqaz və Xəzər hövzəsi: Bakıdan baxış” mövzusunda çıxış etmiş, beynəlxalq “CNN Faynənşl Nyuz” telekanalına və “Filadelfiya inkuayrer” qəzetinə müsahibələr vermişdir.

ABŞ-IN VİTSE PREZİDENTİ RİÇARD ÇEYNİ İLƏ GÖRÜŞ

ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev oktyabrın 22-də Ağ evdə ABŞ-ın vitse-prezidenti Riçard Çeyni ilə görüşmüşdür. Tərəflər Amerika və Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi zərurətini vurğulamışlar. Vitse-prezident Çeyni Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisinə başlanması ilə əlaqədar Azərbaycan hökumətini təbrik etmişdir. Onun fikrincə, kəmərin təməlinin qoyulması mərasimində ABŞ hökumətinin energetika naziri Spenser Abraham səviyyəsində təmsil olunması Amerikanın bu layihəyə nə qədər böyük əhəmiyyət verdiyini göstərir.

İlham Əliyev vitse-prezident Çeyniyə Xəzər hövzəsi üzrə layihələrin hazırkı vəziyyəti və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli sahəsində aparılan son danışıqlar haqqında məlumat vermişdir. Cənab Çeyni bildirmişdir ki, ABŞ münaqişənin tezliklə həll olunması istiqamətində səylərini artıracaqdır. İlham Əliyev cənab Çeyniyə antiterror mübarizəsində Azərbaycanın bundan sonra da ABŞ-la əməkdaşlıq edəcəyi və ona etibarlı tərəfdaş, dost olacağı haqqında Azərbaycan Prezidentinin sözlərini çatdırmışdır.

Görüşdən sonra İlham Əliyev Ağ evin qarşısında jurnalistlərin suallarına cavab vermişdir:

SUAL: Görüşünüz necə keçdi?

CAVAB: Görüş çox yaxşı keçdi. Cənab vitse-prezidentlə biz tanışıq. Əvvəllər də görüşlərimiz olubdur. Amma o, vitse-prezident vəzifəsinə seçiləndən sonra bu, ilk görüşümüzdür. Məmnunam ki, çox gərgin iş cədvəlinin olmasına baxmayaraq, o, vaxt tapıb mənimlə görüşübdur. Onunla görüşmək mənim üçün çox böyük şərəfdir. Görüş çox yaxşı keçdi. Cənab Çeyni cənab Prezidentə salamlarını çatdırdı, Azərbaycanda mövcud vəziyyətlə maraqlandı. Mən də ona məlumat verdim, ikitərəfli əlaqələr haqqında söhbətlərimiz oldu. Mən ona Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verdim və bildirdim ki, Azərbaycan xalqı ümid edir ki, Amerika Birləşmiş Ştatlarının bilavasitə iştirakı ilə ATƏT-in Minsk qrupu bu problemlə daha ciddi şəkildə məşğul olacaq və münaqişənin tezliklə həll edilməsi üçün lazımi tədbirlər görəcəkdir.

Enerji sektorunda Azərbaycanda baş vermiş son hadisələr, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi, digər layihələr haqqında geniş söhbətlərimiz oldu. Cənab Çeyni bu məsələlərlə çox yaxşı tanışdır.

Bu barədə əvvəllər də onunla söhbətlərimiz olub və o da çox məmnundur ki, Azərbaycan enerji sektorunda bütün məsələləri çox uğurla həyata keçirir, böyük çətinliklərə baxmayaraq, Bakı-Tbilisi-Ceyhan kimi nəhəng neft kəmərinin inşasına başlanıbdır. O, əmin olduğunu bildirdi ki, Azərbaycan qarşısında duran bütün işlərin öhdəsindən layiqincə gələcəkdir. Mən də onu inandırdım ki, belə də olacaqdır.

SUAL: Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində növbəti addımları necə olacaq? Bu barədə danışdınızmı?

CAVAB: Bəli, bu haqda söhbətlərimiz olub. Əlbəttə, bunu gərək Minsk qrupunun həmsədrləri, nümayəndələr regiona gələndə bizə bildirsinlər. Amma mən xahiş etdim ki, ABŞ-ın Minsk qrupunda fəaliyyəti gücləndirilsin. Azərbaycan xalqı, Azərbaycan ictimaiyyəti Minsk qrupundan yeni təkliflər, ədalətli təkliflər gözləyir. Elə təkliflər ki, bunlar münaqişənin həllində müsbət rol oynaya bilər. Ona görə də bu barədə geniş fikir mübadiləsi aparılıbdır.

BEYNƏLXALQ VALYUTA FONDUNUN VƏ DÜNYA BANKININ RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞ

Həmin gün ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyev bir sıra beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə müzakirələr aparmışdır. Beynəlxalq Valyuta Fondunun ikinci Avropa departamentinin başçısı Con Odlinq-Smi və Dünya Bankında bölgəmiz üzrə icraçı direktor Pyetro Veqlio ilə işgüzar nahar zamanı ölkəmizin makroiqtisadi siyasəti, Azərbaycanda sərmayə mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı barədə geniş fikir mübadiləsi olmuşdur. Eyni mövzuda və xüsusilə Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsi haqqında danışıqlar Dünya Bankının vitse-prezidenti, Beynəlxalq maliyyə korporasiyasının icraçı direktoru Piter Voyke ilə də aparılmışdır. İlham Əliyev bildirmişdir ki, Azərbaycan hökumətinin əsas niyyəti neft sektorunun gəlirlərini qeyri-neft sektorlarının inkişafına yönəltmək və əhalini yeni iş yerləri ilə təmin etmək, beləliklə insanların rifahını yaxşılaşdırmaqdır.

İLHAM ƏLİYEV CON HOPKİNS UNİVERSİTETİNİN MƏRKƏZİ ASİYA VƏ QAFQAZ ARAŞDIRMALARI İNSTİTUTUNDA ÇIXIŞ ETMİŞDİR

Oktyabrın 22-də ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunda “Cənubi Qafqaz və Xəzər hövzəsi: Bakıdan baxış” mövzusunda çıxış etmişdir.

Qonaği toplaşanlara təqdim edən institutun rəhbəri, tanınmış alim Fred Star demişdir ki, bu gün Azərbaycan Mərkəzi Asiya və Qafqazda açıq cəmiyyətli mədəniyyət mərkəzinə və tərəqqi edən dövlətə çevrilmək üçün ən böyük potensiala malik ölkədir. Lakin bütün yeni yaranan müstəqil dövlətlər kimi, o da bir sıra çətinliklərlə qarşılaşır. Bu çətinliklərin aradan qaldırılması və ölkənin gələcək inkişafının təmin edilməsi İlham Əliyev kimi gənc liderlərdən asılıdır.

Sonra İlham Əliyevə söz verildi. O, çıxışının əvvəlində Vaşinqtonda olduğu müddətdə keçirdiyi görüşlər barədə, o cümlədən vitse-prezident Riçard Çeyni, dövlət katibinin birinci müavini Riçard Armitac, milli təhlükəsizlik məsələləri üzrə müşavirin müavini Stiven Hedli və Amerikanın tanınmış siyasi xadimləri ilə görüşləri haqqında məlumat vermişdir. Sonra İlham Əliyev ölkəmizin müstəqillik illərindəki həyatından danışaraq demişdir ki, Azərbaycan və onun gələcəyi haqqında söhbət açarkən biz müstəqilliyimizin qısa tarixinə nəzər salmalıyıq. Ölkə qədim tarixə və mədəniyyətə malik olsa da, müstəqil dövlət kimi cəmi 11 yaşı vardır. Müstəqilliyin ilk illərində ölkədə iqtisadi və siyasi böhran hökm sürürdü, hakimiyyət davasında olan müxtəlif silahlı qüvvələr Azərbaycanı vətəndaş müharibəsi vəziyyətinə sürükləyirdilər. Bütün bunlarla yanaşı, Ermənistanın hərbi təcavüzü ölkəni dağılmaq həddinə gətirmişdi. Lakin 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət sabitliyə doğru dəyişmişdir. Bütün qanunsuz silahlı qruplaşmalar ləğv edilmiş, heç bir beynəlxalq müşahidəçilərin iştirakı olmadan Ermənistanla atəşkəs sazişi imzalanmışdır və atəşkəs rejimi bu günədək davam edir. Heydər Əliyev hakimiyyətinin son səkkiz ilinə nəzər salsaq, ölkənin siyasi və iqtisadi sabitliyə qətiyyətlə addımladığını müşahidə etmək olar. Onu xatırlatmaq kifayətdir ki, Azərbaycan MDB məkanında çox az dövlətlərdən biridir ki, 1996-cı ildən bəri ümumi daxili məhsulun artımı 64 faiz təşkil etmişdir. Təkcə bu ilin son 9 ayı ərzində həmin göstərici 9,5 faiz olmuşdur. Son illər ölkədə inflyasiyanın səviyyəsi heç vaxt iki faizi keçməyib, büdcədən maliyyələşdirilən təşkilatlarda orta əmək haqqı üç dəfə artırılmışdır.

Bununla yanaşı, İlham Əliyev Azərbaycanın problemlərlə də qarşılaşdığını bildirərək demişdir ki, müstəqillik əldə ediləndən bəri üzləşdiyimiz bütün çətinlikləri 11 ilə aradan qaldıracağımızı gözləmək sadəlövhlük olardı. Lakin izlədiyimiz dinamika belə deməyə əsas verir ki, seçdiyimiz yol doğrudur.

İlham Əliyev Xəzərin Azərbaycan sektorundakı təbii ehtiyatların işlənilməsi üzrə layihələrdə əldə olunmuş böyük irəliləyişdən də danışmışdır.

O xatırlatmışdır ki, tarixən neft və qaz hasilatı Azərbaycanın ənənəvi iqtisadi sektorları idi. Lakin ölkə müstəqil olandan sonra bu sahədə təkcə intellektual potensialımızla uğur əldə edə bilməyəcəyimizi anladıq. Xarici sərmayələrin cəlb edilməsi zərurəti meydana çıxdı. Son illər ərzində bu sahədə aparılan uğurlu strategiya nəticəsində indiyədək Azərbaycana altı milyard dollar xarici sərmayə qoyulmuşdur. Gələn üç il ərzində daha on milyard dollar sərmayə qoyulacağı gözlənilir. Azərbaycan kimi kiçik ölkə üçün bu, çox böyük məbləğdir.

ARDNŞ-in birinci vitse-prezidenti bildirmişdir ki, xarici sərmayələrin ölkəyə cəlb edilməsi perspektivi kənardan təzyiqlər və daxildən şübhə ilə qarşılanırdı. Lakin buna baxmayaraq, iqtidar neftin hasil olunmasını və dünya bazarlarına nəqlini təmin etmək üçün Dünya Bankı, BVF və digər beynəlxalq maliyyə qurumları ilə işbirliyi quraraq, bu istiqamətdə fəaliyyətə başladı. Azərbaycan cəlb olunan sərmayələri qorumaq üçün mükəmməl qanunvericilik bazası yaratmışdır. Daha bir həqiqət bundan ibarət idi ki, Azərbaycan təbii ehtiyatların nəqlində yalnız bir marşrutdan asılı ola bilməzdi. Elə əvvəlcədən çoxvariantlı kəmərlərin tərəfdarı olan Azərbaycan bu siyasəti də uğurla həyata keçirərək nailiyyətlər qazandı. Bu gün Xəzər nefti iki istiqamətdə nəql olunur. Nefti üçüncü istiqamətdə nəql edəcək nəhəng Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisinə ötən ay başlanmışdır. Şübhəsizdir ki, bu layihə Azərbaycana əhəmiyyətli gəlir gətirməklə yanaşı, əlavə iş yerlərinin və yeni imkanların açılmasına səbəb olacaq, Cənubi Qafqaz və Xəzər hövzəsi kimi münaqişəli regionda təhlükəsizlik və sabitliyin bərqərar edilməsinə gətirib çıxaracaqdır.

İlham Əliyev Xəzər dənizinin hüquqi statusu məsələsindən danışaraq demişdir ki, Azərbaycanın bu barədə mövqeyi illərdən bəri dəyişməz qalır - Xəzəryanı dövlətlərin hər biri öz sektorunda hasilatla bağlı əməliyyatlar apara bilər. Lakin ABŞ tərəfindən də dəstəklənən bu mövqe ilə digər dövlətlər razı deyildi. Zaman ötdükcə, Azərbaycanın energetika layihələrində qazandığı uğurlar bu mövqeyin düzgün olmasını sübut etdi. Buna misal Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında razılaşmanın əldə edilməsidir.

Nefti Azərbaycan iqtisadiyyatında yeni sektorların yaradılması üçün vasitə kimi dəyərləndirən ARDNŞ-in birinci vitse-prezidenti bildirmişdir ki, Neft Fondu da məhz bu məqsədlə yaradılmışdır. Bu şəffaf quruma neft hasilatından əldə olunan gəlir toplanaraq, müxtəlif sektorlara və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəldilir. İlham Əliyev belə bir rəqəmi də diqqətə çatdırdı ki, müstəqilliyin ilk illərində heç bir maliyyə fondları olmayan Azərbaycanın indi illik büdcədən də bir qədər artıq - 1,3 milyard dollar məbləğində maliyyə ehtiyatı var.

“Mən Azərbaycanda vəziyyətin ideal olması haqqında təsəvvür yaratmağa çalışmıram” - deyən ARDNŞ-in birinci vitse-prezidenti problemlərdən də danışmışdır. O, ölkədə işsizliyin səviyyəsini müasir bazarın reallıqları ilə izah edərək demişdir ki, bu gün bazara müasir texnologiyalarla istehsal olunmuş yeni mallar lazımdır. Azərbaycanda olan texnologiya bazası isə buna imkan vermir. Məhz bu səbəbdən iqtidarın əsas məqsədi əhali üçün yeni iş yerləri açmaqdır. Bu məsələ ilə bağlı da nikbin olduğunu vurğulayan İlham Əliyev bildirmişdir ki, bugünkü ölkəni beş il əvvəlki Azərbaycanla müqayisə etsək, çox böyük müsbət dəyişikliklər görərik.

İlham Əliyev daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq demişdir: “Bizim ən ağrılı problemimiz ölkə ərazisinin 20 faizinin Ermənistan tərəfindən hələ də işğal altında saxlanmasıdır. Ermənistan və Azərbaycan arasındakı müharibə 1988-ci ildə başlanmışdır. Münaqişə Azərbaycanın Dağlıq Qarabağ regionu üstündə başlamışdır və müharibənin bugünkü nəticəsi Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsidir. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və köçkünə çevrilmişdir. Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun sərhədlərindən kənarda olan daha yeddi rayonumuzu işğal etmişdir ki, bu rayonlarda da ermənilər heç zaman yaşamamışlar. Bu torpaqlar işğal altında qalmaqdadır.

Münaqişənin həlli məsələsi ilə ATƏT məşğuldur, amma təəssüf ki, heç bir müsbət nəticə yoxdur. Amma Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, öz vətəninin ərazi bütövlüyünün pozulması ilə razılaşmayacaqdır. Təcavüzə son qoyulmalıdır. Təəssüf ki, beynəlxalq birlik bu məsələnin həlli üçün lazımi iş görmür, kimin işğalçı, kimin işğalın qurbanı olduğunu bəyan etmir. Danılmaz faktdır ki, Ermənistan bizim torpaqlarımızı işğal altında saxlayır, amma buna baxmayaraq, beynəlxalq təşkilatların sənədlərində təcavüz və işğal faktını əks etdirmək heç də həmişə mümkün olmur.

Bundan əlavə, bəzi ölkələrdəki erməni icmalarının güclü mövqeyi həmin ölkələrin hökumətlərini də münaqişə ilə bağlı düzgün, ədalətli mövqe bildirməkdən çəkindirir.

Buna baxmayaraq, biz səylərimizi azaltmırıq. Avropa Şurası Parlament Assambleyasının bu yaxınlardakı sessiyasında Ermənistanın təcavüzü və işğalı faktı AŞPA-nın sənədində öz əksini tapdı. Bu, əlbəttə ki, Azərbaycanın böyük qələbəsi idi. Bununla belə, bu faktı sübut etmək üçün, sadəcə, xəritəyə baxmaq kifayətdir. İşğal olunmuş əraziləri xəritədə gördükdə, hamı inana bilər ki, bizim ölkənin əraziləri erməni təcavüzünə məruz qalmışdır.

Bu problem təkcə bizim üçün deyil, bütün region üçün gərginlik yaradır. Dağlıq Qarabağ Avropada, bəlkə də, yeganə ərazidir ki, orada beynəlxalq hüquq normaları işləmir. Qanunsuz rejimin mövcud olduğu bu ərazidə beynəlxalq monitorinq keçirilmir, orada toplanan silah və hərbi sursat heç bir beynəlxalq sənəddə qeydə alınmayıbdır. Beləliklə, o, Avropada qara ləkədir, həmin ərazidə qeyri-qanuni əməliyyatlar keçirilir.

Bu ərazidə terrorçulara, eləcə də beynəlxalq terror təşkilatlarına sığınacaq verilir. İşğal altında olan həmin ərazilərdə narkotik maddələr yetişdirilir və daha sonra yeni hərbi ləvazimatlar almaqdan ötrü onlar xaricə satılır. Bildirdiyim kimi bütün bunlar isə yalnız Azərbaycan üçün deyil, bütün region üçün daimi təhlükədir. Bu qanunsuz ərazinin fəaliyyətinə, qadağa qoyulmalıdır, terrorçu təşkilatların fəaliyyəti dayandırılmalıdır.

Erməni terror təşkilatlarının fəaliyyəti nəticəsində Azərbaycanda iki mindən çox günahsız adam qətlə yetirilmiş, on minlərlə adam yaralanmışdır. Bu terror aktları metrolarda, avtobuslarda, qatarlarda, gəmi-bərələrdə, insanların sıx toplaşdığı digər yerlərdə törədilmişdir. Terrorçuların hansı ölkədə terror aktları törətməsinə fərq qoyulmamalıdır. Terrorçu, elə terrorçudur. Terrorçuların milliyyəti olmur, onların dini mənsubiyyəti də olmur. Ona görə də terrorçuları fərqləndirmək lazım deyildir. Terror dünya üçün bir bəladır. Beynəlxalq birlik bu bəlaya son qoymaq istəyirsə, onda, həqiqətən də, birləşib öz səylərini terrorun bütün dünyada kökünün kəsilməsinə yönəltməlidir.

Mən ümid edirəm ki, beynəlxalq birlik Ermənistan-Azərbaycan münaqişəsində ədalətli mövqe tutacaqdır. Bu ədalətli mövqeyi biz son zamanlar daha çox hiss etməyə başlayırıq. Təcavüzkar öz qoşunlarını işğal olunmuş ərazilərdən geri çəkməli və Azərbaycan qaçqın və köçkünlərinə öz torpaqlarına qayıtmağa imkan verməlidir. Əlbəttə, biz gözləyirik ki, ABŞ hökuməti ATƏT-in bu münaqişənin həlli ilə məşğul olan Minsk qrupu çərçivəsində öz fəaliyyətini daha da artıracaq və Ermənistanı məcbur edəcəkdir ki, işğal olunmuş ərazilərdən qoşunlarını geri çəksin”.

İlham Əliyev ABŞ və Azərbaycan arasında münasibətlərin yaxşı inkişaf etdiyini vurğulayaraq bildirmişdir ki, müstəqilliyini qazandığı qısa dövr ərzində Azərbaycan sözdə deyil, əməlləri ilə sübut etmişdir ki, o, ABŞ-ın etibarlı tərəfdaşıdır. Biz 11 sentyabr terror aktlarından sonra Amerikaya dərhal, qeyd-şərtsiz yardımını təklif edən dövlətlərdən biri olmuşuq. Bu məqsədlə ölkəmiz anti-terror əməliyyatlarının keçirilməsi üçün özünün imkanlarını təqdim etmişdir. Azərbaycan dəfələrlə bəyan edib ki, ikitərəfli əlaqələrə gəldikdə, onun məqsədi Amerika-Azərbaycan tərəfdaşlığını möhkəmləndirməkdir. Əlaqələrin hazırkı vəziyyəti bizi qane etsə də, bunların daha da dərinləşdirilməsinə çalışırıq. Bu, yalnız Amerika ilə deyil, həm də beynəlxalq ictimaiyyətlə əlaqələrimizə aiddir.

Sonda İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan demokratiya xətti seçib və məqsədi bu yolla irəliləyərək ölkədə siyasi, iqtisadi və sosial sabitliyi möhkəmləndirməkdir. Azərbaycan sülh və təhlükəsizlik səraitində yaşamaq və bütün qonşuları ilə dostluq münasibətləri qurmaq istəyir.

İlham Əliyevin çıxışı böyük maraqla dinlənilmiş və alqışlarla qarşılanmışdır. Sonra o, çoxsaylı suallara cavab vermişdir.

X X X

Həmin gün İlham Əliyev “CNN Faynənşl Nyus” telekanalına və “Filadelfiya inkuayrer” qəzetinə mühasibələr vermişdir.

 

ARDNŞ-İN BİRİNCİ VİTSE-PREZİDENTİ, MİLLİ MƏCLİSİN DEPUTATI İLHAM ƏLİYEVİN “CNN FAYNƏNŞL NYUS” TELEKANALINA MÜSAHİBƏSİ

JURNALİST: Corc Buş hökuməti inanır ki, Yaxın Şərqdən kənarda ABŞ-ı təchiz edə biləcək mümkün qədər çox sabit neft mənbələrinin olması Amerikanın milli maraqları üçün zəruridir. Çoxları belə düşünür ki, Xəzər regionu neft istehlakçısı olan ölkələrə böyük vədlər verir. Elə keçən ay Azərbaycanda yüz milyonlarla barel nefti Xəzərdən daşıyacaq 3 milyard dollarlıq boru kəmərinin təməli qoyuldu. Xəritədən də göründüyü kimi, Xəzər bir neçə ölkənin əhatəsindədir. Bu layihə ətrafında danışmaqdan ötrü İlham Əliyev bizimlə birgə buradadır. O, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidentidir. Cənab Əliyev, bizə qoşulduğunuza görə çox sağ olun.

İLHAM ƏLİYEV: Siz də sağ olun.

SUAL: Bir qədər bundan əvvəl xəritəyə baxırdım. Gəlin, bu layihə ətrafında danışaq. Xəritədə gördüyümüz bu region haqqında bizim proqramımızda çox nadir hallarda veriliş gedir. Məndə olan məlumata görə, 1991-ci ildən əvvəl İran və Rusiya, daha doğrusu, Sovet İttifaqı Xəzər dənizinə iddialı idilər. Sovet İttifaqının özünün tərkibində də bir neçə ölkə Xəzər sahillərində yerləşirdi. İndi ölkələr arasında dəniz sərhədi çox da aydın deyildir. Bu prosesin hansı məqamındasınız? Yəni kimin nəyə sahib olmasını müəyyən etmisinizmi?

CAVAB: Siz haqlısınız. Sovet İttifaqının dağılmasından əvvəl Xəzər dənizi sahillərində iki qonşu dövlət vardı - SSRİ və İran. İndi, SSRİ dağıldıqdan sonra beş Xəzəryanı dövlət var: Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan. Bizim mövqeyimiz həmişə belə olmuşdur ki, Xəzəryanı ölkələrin hər birinin dənizdə öz sektoru olmalıdır. Hər ölkə həmin sektordan öz resurslarından istifadə etməkdə sərbəstdir. Bu mövqe özünün düzgün olduğunu sübuta yetirdi. Biz milyardlarla xarici sərmayəni regiona cəlb edə bildik. Xəzərdən neftimizi dünya bazarlarına aparan iki boru kəməri tikə bildik. Hazırda əsas ixrac kəməri üzərində işləyirik ki, bu da bizə gələcəkdə milyonlarla barel nefti ixrac etməyə imkan verəcəkdir.

SUAL: Gəlin elə bu haqda danışaq, sizi elə ona görə dəvət etmişik. Söhbət Xəzər neftinin dünya bazarlarına nəqlindən gedir. ABŞ şirkətlərinin Xəzər regionunda neft layihələrində işləməsinə kömək üçün Siz nə etdiniz?

CAVAB: Biz neft sahəsində işləri 1994-cü ildən inkişaf etdirməyə başladıq. Bütün dünyadan neft şirkətlərini bu işə dəvət etdik. Əsas etibarilə də ABŞ, Böyük Britaniya və digər Avropa ölkələrinin şirkətlərini. O vaxtdan etibarən neft hasilatını nəzərəçarpacaq dərəcədə artırmağa müvəffəq olmuşuq. Hasilat məhdud olduğuna görə, nefti yalnız iki boru xətti ilə ixrac edirik. Üzərində işlədiyimiz əsas ixrac kəməri Azərbaycan neftini Bakıdan Gürcüstana, daha sonra Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına nəql edəcəkdir. Bu, dünya bazarı üçün alternativ neft təchizatı deməkdir. Region etnik münaqişələrlə doludur. Azərbaycan da Ermənistanla münaqişədən əziyyət çəkir. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini zəbt etmişdir və indi də işğal altında saxlamaqdadır. Buna baxmayaraq, biz xarici sərmayəçiləri inanıdıra bildik ki, Azərbaycana vəsait qoysunlar. Artıq 6 milyard dollar sərmayə qoyulubdur. 3-4 ilə daha 10 milyard sərmayənin yatırılacağını gözləyirik. 2005-ci il üçün Azərbaycandan Aralıq dənizinə gedən boru kəməri hazır olacaq, istifadəyə veriləcəkdir. Beləliklə, həm neft istehlakçısı olan ölkələr üçün alternativ variant yaranacaq, həm də bizim ölkə öz iqtisadiyyatını gücləndirəcəkdir.

SUAL: Cənab Əliyev, maraqlıdır, layihələr həyata keçirildikdən sonra gündə nə qədər neft hasil olunacaqdır? Sabitliyi ilə fərqlənməyən Yaxın Şərq regionunu necə geridə qoymaq fikrindəsiniz? Siz elə indicə ölkənizdən milyonlarla barrel neft ixrac olunacağını dediniz. Növbəti 5-10 ildə bütün regiondan nə qədər neft gözlənilir?

CAVAB: Elə bilirəm ki, bu rəqəm daha böyük ola bilər. Xəzərdə neft hasil edən ölkə yalnız Azərbaycan deyildir. Nəhəng neft ehtiyatları olan Qazaxıstan da var, Türkmənistan da var. Yalnız Azərbaycan haqqında danışsaq, günə bir milyon barrel minimum rəqəmdir. 5 il bundan sonra yeni yataqlar istismar həddinə çatacaq ki, bu da gündə bir milyon barreldən artıq neft çıxarmağa imkan verəcəkdir. İkinci məsələ, biz heç zaman qarşımıza məqsəd qoymamışıq ki, hər hansı digər neft hasilatçısı ilə rəqabətə girək. Biz öz işimizi görürük, möhkəm iqtisadiyyat qururuq, neftimizin beynəlxalq bazara çıxarılmasını sürətləndiririk və yəqin ki, bu, ölkəmizə firavanlıq və regiona sülh gətirəcəkdir.

JURNALİST: Cənab İlham Əliyev, müsahibəyə görə sizə minnətdarıq. Sizinlə danışmaqdan çox məmnun olduq. Sağ olun.

 

Şəfəq Akifqızı

AZƏRTAC-ın xüsusi müxbiri

Foto F.Xayrulinindir

Vaşinqton

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur

Bakı Limanında quru yük aşırılması 77 faiz artıb

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Kopernikin təhsil aldığı universitetdə Bakının polyak memarlığı nümayiş olunur

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib

“Axios”: ABŞ təyyarələri Vensin İranla saziş imzalayacağı mümkün səfərindən əvvəl Avropaya yola düşəcək

İyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri fəaliyyət göstərməyəcək

Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin ortaq maraqlarının təzahürüdür

La-Manş tunelinin sahibi Böyük Britaniya hökumətinə qarşı hüquqi mübarizəyə başlayacağını açıqlayıb

Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb

Mert Özdeş: İstanbul Bəyannaməsi yeni geosiyasi reallığı dünyaya elan edən kritik sənəddir

BMU və Çinin Pekin Kimya Texnologiya Universiteti birgə fakültə təsis etdi

Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb

Şuşa sakinlərinə tibbi xidmətlər göstərilib

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb

Media nümayəndələri insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiyada iştirak ediblər

® “TuranBank” gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Yunanıstan 2027-ci ilin sonunadək Rusiya qazından tam imtina etməyi planlaşdırır

Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər

NATO: ABŞ-nin Avropadakı hərbi gücünü azaltması Alyansı uzunmüddətli perspektivdə gücləndirəcək

Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb

Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub

İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq ediləcək

Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub

Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir

Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb

TƏBİB tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

Xüsusi qabiliyyət imtahanlarının keçirilmə qrafiki açıqlanıb

ATMU-da imtahan sessiyası çərçivəsində “Açıq qapı” günü təşkil olunub

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Avropa İttifaqında yeni sığınacaq qaydaları qüvvəyə minib

TANAP-ın istifadəyə verilməsindən 8 il keçir

Siyasi şərhçi: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə vizyonunu rəsmiləşdirib

İslam mərasimlərinin folklor semantikası: mənəvi kamillik və sosial həmrəylik

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin genişlənməsinə töhfə verməkdədir - Türk jurnalist