ARDNŞ-İN BİRİNCİ VİTSE-PREZİDENTİ, MİLLİ MƏCLİSİN DEPUTATI İLHAM ƏLİYEVİN VAŞİNQTONA SƏFƏRİ
Vaşinqtonda səfərdə olan ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev oktyabrın 24-də görüşlərini davam etdirmişdir.
MÜDAFİƏ NAZİRİNİN BİRİNCİ MÜAVİNİ POL VOLFOVİÇ İLƏ GÖRÜŞ
Müdafiə və təhlükəsizlik sahəsində Amerika-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsi məsələləri İlham Əliyevin Pentaqonda ABŞ Müdafiə Nazirinin birinci müavini Pol Volfoviçlə danışıqlarının əsas mövzusu olmuşdur. Cənab Volfoviç antiterror koalisiyasında ölkəmizin etibarlı tərəfdaş kimi iştirakına görə təşəkkürünü bildirmişdir. Onun fikrincə, Azərbaycan coğrafi-siyasi vəziyyətinə görə Amerika üçün böyük əhəmiyyət daşıyır. Cənab Volfoviç NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramında ölkəmizin fəal iştirak etməsindən də məmnunluqla söhbət açmış, Azərbaycan ordusunun, taqımının türk batalyonu tərkibində Əfqanıstanda sülhyaratma əməliyyatında iştirak etmək niyyətini alqışlamışdır.
İlham Əliyev demişdir ki, Azərbaycanın məqsədi hərbi qüvvələrinin səviyyəsini NATO standartlarına yaxınlaşdırmaqdan ibarətdir. O, ölkəmizin Avroatlantik məkanına daha sıx inteqrasiyasının təmin edilməsi sahəsində səylərin gücləndiriləcəyini nəzərə çarpdırmışdır.
Söhbətin sonunda cənab Volfoviç vurğulamışdır ki, ABŞ müdafiə və təhlükəsizlik sahəsində Azərbaycan ilə ikitərəfli əlaqələri davam etdirəcək və bunun üçün mümkün olan yardımı göstərəcəkdir. O, Azərbaycan Prezidenti Heydər Əliyevə ən xoş arzularını çatdırmağı xahiş etmişdir.
TİCARƏT NAZİRİNİN BİRİNCİ MÜAVİNİ SAMUEL BODMANLA GÖRÜŞ
İlham Əliyev oktyabrın 24-də ABŞ-ın ticarət nazirinin birinci müavini Samuel Bodman ilə körüşmüşdür. Söhbət zamanı ARDNŞ-in birinci vitse-prezidenti demişdir ki, Amerika-Azərbaycan iqtisadi əlaqələrinin bugünkü vəziyyəti, xüsusilə də enerji sahəsində birgə əməkdaşlığın səviyyəsi bizi ruhlandırır və qeyri-enerji sektorlarında işbirliyini genişləndirməyə sövq edir. Belə sektorlar arasında kənd təsərrüfatı, inşaat infrastrukturları da ola bilər. O, beynəlxalq maliyyə qurumları ilə Azərbaycanın uğurlu əməkdaşlığından da söhbət açmışdır.
ABŞ-la iqtisadi əlaqələrin Azərbaycan üçün öncül xarakter daşıdığını vurğulayan İlham Əliyev Birləşmiş Ştatların göstərdiyi maliyyə yardımını və texniki yardımın ölkəmiz tərəfindən yüksək dəyərləndirildiyini bildirmişdir.
Cənab Samuel Bodman ABŞ-ın Azərbaycana hər cür yardım göstərməyə hazır olduğunu vurğulamışdır. O, ölkəmizdə iqtisadi artımın gələcəkdə də yüksək səviyyəsinin təmin edilməsi üçün sahibkarlığın inkişafı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini tövsiyə etmişdir. Samuel Bodman Azərbaycanın Dünya Ticarət Təşkilatına qəbulu prosesində ABŞ Ticarət Nazirliyinin yardımını da təklif etmişdir.
ABŞ KONQRESİNDƏ GÖRÜŞLƏR
Həmin gün ARDNŞ-in birinci vitse-prezidenti Amerika Konqresində xarici əlaqələr komitəsinin, İpək Yolu işçi qrupunun, büdcə təxsisatları komitəsinin təmsilçiləri ilə görüşmüşdür. Söhbət zamanı İlham Əliyev bildirmişdir ki, 907-ci maddənin qüvvəsinin dayandırılması Amerika-Azərbaycan əlaqələrinin inkişafına səbəb olmuşdur. Beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq da bunu aydın göstərir. Milli məclisin deputatı Cənubi Qafqaz və Xəzər hövzəsində coğrafi-siyasi vəziyyət, xüsusilə də Azərbaycanın öz qonşuları ilə münasibətlərinə dair ətraflı məlumat vermişdir. O vurğulamışdır ki, həyata keçirilən enerji layihələri bölgədə sabitliyin yaranması üçün müsbət amildir.
ARDNŞ-in birinci vitse-prezidenti ölkəmizin iqtisadi nailiyyətlərindən də bəhs edərək demişdir ki, bazar iqtisadiyyatı Azərbaycanın strateji seçimidir və ölkə bu yoldan dönməyəcəkdir. İlham Əliyev axırda görüş iştirakçılarının çoxsaylı suallarına cavab vermişdir.
X X X
Həmin gün İlham Əliyev Azərbaycanın “Lider” telekanalına qısa müsahibə vermişdir.
ARDNŞ-İN BİRİNCİ VİTSE-PREZİDENTİ, MİLLİ MƏCLİSİN DEPUTATI İLHAM ƏLİYEVİN “LİDER” TELEKANALINA MÜSAHİBƏSİ
SUAL: Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin başçısı kimi siz necə hesab edirsiniz, planetimizin iki hissəsi olan Avropa və Amerikanın Azərbaycana münasibətində fərqlər və ya oxşarlıq varmı?
CAVAB: Mən demək istərdim ki, buraya səfərin çox yüksək səviyyədə keçir. Çox faydalı ikitərəfli danışıqlarımız olub, mühüm görüşlər keçirmişik. Hökumət təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə, konqresdə, senatda, beynəlxalq maliyyə qurumlarında keçirilən hər bir görüşdə Amerikanın Azərbaycana dəstəyi açıq-aydın hiss edilirdi. İkitərəfli əlaqələrin yüksək səviyyədə olması bir daha da təsdiq olundu.
Mən buna şadam, çox sevinirəm. Bilirsiniz ki, Amerika bizim üçün strateji tərəfdaşdır. Biz çalışırıq və istəyirik ki, ikitərəfli münasibətlərimiz daha da inkişaf etsin. Çox sevinirik ki, indiki məqamda münasibətlərimiz çox yüksək səviyyədədir. Deyə bilərəm ki, hərtərəfli əməkdaşlıq aparılır. Enerji sektorunda, təhlükəsizlik məsələlərində, iqtisadi əlaqələrdə hərtərəfli iş aparılır. Ona görə mən deyə bilərəm ki, səfərdən çox razıyam. Burada mənə göstərilən hörməti yüksək qiymətləndirirəm. Əminəm ki, bu görüşlər ölkələrimiz arasındakı münasibətlərin gələcək inkişafına müsbət təsir göstərəcəkdir.
X X X
ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev oktyabrın 24-də Vaşinqtona səfərini başa çatdıraraq, Vətənə düşmüşdür.
Şəfəq Akifqızı
AzərTac-ın xüsusi müxbiri
Foto: F.Xayrulinindir
Vaşinqton