ARGENTİNA ƏFSANƏVİ ÇE GEVARA HAQQINDA SƏNƏDLƏRİ MƏXFİLİKDƏN ÇIXARMIŞDIR
Sənədlərə görə, polisin 1947-ci ildə Gevara barəsində açdığı iş kifayət qədər təəccüblü görünür – sənədlərdə onun barmaq izləri yoxdur. Polis dosyesində Gevaranın universitetin tibb fakültəsində təhsili və orduda xidməti ilə bağlı 18 sənəd, Venesuela, Qvatemala, Panama və Kolumbiyaya getmək üçün 1953-cü il martın 27-də verilmiş xasiyyətnamə var.
Qəzetdə mayor Alberto Valinin imzası ilə dərc olunmuş sənəddə göstərilir ki, 1966-cı ilin sentyabrında Çe Gevara Braziliyaya gəldikdən sonra ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Argentinanın xüsusi xidmət orqanlarından onun bu ölkədə yaşadığı dövrə dair informasiya və daktiloskopik məlumat istəmişdir. Mayor MKİ-yə göndərdiyi cavabda bildirmişdir ki, polis dosyesində Gevaranın barmaq izləri yoxdur.
Əfsanəvi inqilabçının barmaq izləri polis dosyesinə onun yalnız faciəli ölümündən sonra daxil edilmişdir. Sənədlərdə deyilir ki, 1967-ci il oktyabrın 14-də Argentina nümayəndə heyəti Miraflorosa (Boliviya) hərbi qərargaha gəlmişdir. Çe Gevaranın barmaq izlərinin götürüldüyü amputasiya olunmuş əlləri onlara göstərilmişdir. Sonra spirtə qoyulan bu əllər Kubaya göndərilmişdir.
Gevaranın dəfn edildiyi yer haqqında həqiqət də 30 ildən sonra açılmışdır. 1967-ci il oktyabrın 11-də Çe Gevaranın və altı silahdaşının cəsədləri Valye-Qrande qəsəbəsi yaxınlığında qardaş məzarında torpağa tapşırılmışdır. Sonra bu məzar yerlə yeksan edilmiş və üstündən aerodromun qalxma-enmə zolağı salınmışdır.
Əfsanəvi Çe Gevaranın həlak olmasından 37 il keçmişdir. O, 1924-cü il iyunun 14-də Argentinanın Rosario şəhərciyində doğulmuşdur. Valideynləri ona aristokratik ad – Ernesto Gevara de la Serna adı vermişdilər. Lakin o, tarixə, sadəcə, “Çe” təxəllüsü ilə düşmüşdür.