ARTUR RASİZADƏ İRANIN XARİCİ İŞLƏR NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Görüşdə Azərbaycan ilə İran arasında bütün sahələrdə əlaqələrin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmış, nəqliyyat, kommunikasiya, energetika sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanmışdır. İran naziri bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana rəsmi səfəri əməkdaşlığımızın dərinləşdirilməsinə təkan vermişdir. Çox şadam ki, İran ərazisi ilə Naxçıvan Muxtar Respublikasına qazın nəqlinə başlanmışdır və əminəm ki, bu sahədə əlaqələrimiz daha da inkişaf edəcəkdir.
Artur Rasizadə naziri Qurban bayramı münasibətilə təbrik etmiş və bildirmişdir ki, Azərbaycan və İran dost və qardaş ölkələrdir. Blokada şəraitində yaşayan Naxçıvana İran vasitəsilə təbii qaz verilməsi əlaqələrin inkişafı istiqamətində daha bir addımdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsindən danışan Baş nazir demişdir ki, hələ ki, Ermənistan öz işğalçılıq iddialarından əl çəkmir. Lakin bu problemlə bağlı danışıqlar davam etdirilir.
Artur Rasizadə Xəzərin hüquqi statusu məsələsinə də toxunaraq demişdir ki, bu məsələdə Azərbaycan, Rusiya və Qazaxıstanın mövqeyi üst-üstə düşür. Biz üçtərəfli və ikitərəfli müqavilələr bağlamışıq. Arzu edirəm ki, yaxın vaxtlarda İran və Türkmənistan da bu istiqamətdə addımlar atsın və problem öz həllini tapsın.