SİYASƏT
ASEAN PA-nın üzvü: Seçki prosesində hər hansı siyasi diskriminasiyaya yol verilməyib
Bakı, 2 sentyabr, AZƏRTAC
Nümayəndə heyəti olaraq bütün səsvermə prosesini ilk gündən başlayaraq müşahidə imkanı əldə etmişik. Səsvermə məntəqələrinin açılışından etibarən seçicilərin səsverməyə gəlməsi, ilkin nəticələrin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən elan edilməsinədək hər bir prosesi müşahidə etdik. Səsvermə məntəqələrində MSK-nın səriştəli nümayəndələri səs vermək üçün gələn insanlara öz dəstəklərini göstərirdilər, suallarını cavablandırırdılar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Parlament Assambleyasının (PA) üzvü, Kamboca Milli Assambleyasının üzvü Sos Mauzin növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, seçki məntəqələri açılan andan səslər sayılana qədər bütün imkanlardan istifadə edərək səsvermə prosesi tam azad, ədalətli və şəffaf bir tərzdə həyata keçirilib. Həmçinin bütün rəqib olan siyasi tərəflər, partiyalar hər hansı bir maneə olmadan iştirak edib, hər bir partiya bərabər imkanlar və hüquqlarla təmin edilib.
"Nümayəndə heyəti hər hansı bir qayda pozuntusu, zorakılıq və digər bu kimi halların şahidi olmayıb. Səsvermə sahələrində və seçki prosesində hər hansı bir siyasi diskriminasiyaya yol verilməyib. Bundan başqa, biz Azərbaycan Hökumətinin təhlükəsizliyin və ictimai asayişin qorunması sahəsində səylərini yüksək qiymətləndiririk", - deyə Sos Mauzin diqqətə çatdırıb.