AŞPA KOMİTƏSİNDƏ MİLLİ MƏCLİSƏ TƏKRAR SEÇKİLƏRDƏ MÜŞAHİDƏÇİLİK MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNACAQDIR
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov AZƏRTAC-ın müxbirinə demişdir ki, qurumun Monitorinq komitəsinin martın əvvəlində keçiriləcək iclasında Milli Məclisə təkrar seçkilərdə müşahidəçilik məsələsi müzakirə olunacaqdır. Müşahidə missiyasına yenə də Leo Platvoyetin rəhbərlik edəcəyi güman olunur. Noyabrın 6-da keçirilmiş seçkiləri AŞPA-dan 47 nəfərlik müşahidə qrupu məhz onun rəhbərliyi ilə izləmişdir.
S.Seyidovun sözlərinə görə, təkrar seçkilərin də tam demokratik və şəffaf keçirilməsi Azərbaycan üçün olduqca vacibdir. Çünki seçki məsələsi ölkəmizin imicinə təsir göstərən mühüm amillərdəndir. Mərkəzi Seçki Komissiyasının və AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin tam tərkibi də təkrar seçkilərdən sonra formalaşacaqdır.