“Associated Press”: Harrisin səsinin imitasiyası seçkilərdə AI-dən sui-istifadə təhlükəsi yaradır
Bakı, 29 iyul, AZƏRTAC
ABŞ-ın vitse-prezidenti Kamala Harrisin səsinin imitasiyası olan və onun söyləmədiyi fikirləri ehtiva edən montaj edilmiş videomaterial təxminən üç ay sonra ABŞ-da keçiriləcək seçkilərdə süni intellektin (AI) seçiciləri çaşdıra biləcəyi ilə bağlı ciddi narahatlıq doğurur. AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” agentliyinin iyulun 29-da dərc etdiyi məqalədə deyilir.
Məqalədə qeyd olunur ki, videomaterial İlon Maskın onu özünün “X” sosial platformasında paylaşmasından sonra diqqəti cəlb edib. Bu paylaşımda materialın parodiya kimi buraxılması qeyd olunmayıb.
Videoçarxda Kamala Harrisin həqiqi reklamında yer alan vizual effektlərin bir çoxundan istifadə olunub. Demokratların prezidentliyə potensial namizədi onu ötən həftə yayıb. Maskın yerləşdirdiyi bu videoda kadr arxasında olan səsli müşayiət başqa səslə əvəz olunub və Harrisin danışıq manerasına çox bənzəyir. Orada, həmçinin “Harris prezidentliyə namizəddir” şüarı saxlanılıb və ABŞ-ın vitse-prezidentinin bir neçə orijinal kadrları da əlavə edilib.

Harrisin seçkiqabağı kampaniyasının nümayəndəsi Mia Erenberq “Associated Press” agentliyinə göndərdiyi elektron məktubda yazıb: “Hesab edirik ki, Amerika xalqı vitse-prezident Kamala Harrisin təklif etdiyi həqiqi azadlıq, imkanlar və təhlükəsizlik istəyir, ona İlon Maskın və Donald Trampın saxta və yalan fikirləri lazım deyil”.
Videomaterialı birinci yerləşdirən istifadəçi də göstərib ki, o, parodiyadır. Ancaq sosial platformanın məlumatına görə, Maskın paylaşımına 123 milyon nəfər baxıb və orada gülüş smayliki ilə “Bu, inanılmazdır” sözləri yazılıb.

Süni intellekt vasitəsilə yaradılan media üzrə ixtisaslaşmış iki ekspert materialdakı səsləri araşdırıb və materialın böyük dərəcədə feyk reklamı olduğunu və AI texnologiyasının köməyi ilə hazırlandığını təsdiq edib.
Məqalədə qeyd olunur ki, bu nümunə AI texnologiyasının köməyi ilə hazırlanan video və audio materialların həm rişxənd, həm də aldatma məqsədilə istifadə olunacağını göstərib. “Associated Press” vurğulayıb: “Bu, həm də onu göstərir ki, AI-nin yüksəkkeyfiyyətli alətləri getdikcə daha əlçatan olsa da, federal səviyyədə əhəmiyyətli tədbirlər görülmür. Bunun nəticəsində AI-nin siyasətdə istifadəsini tənzimləyən qaydalar ştatların özləri tərəfindən və ya sosial şəbəkələrdə tənzimlənir”.