ASTANADA AZƏRBAYCAN HƏRBİ QÜVVƏLƏRİNİN 90 İLLİYİ MÜNASİBƏTİLƏ MƏRASİM KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı səfirliyində hərbi qüvvələrimizin 90 illiyi münasibətilə mərasim keçirilmişdir.
Əvvəl Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səslənmişdir.
Tədbirdə Astanada fəaliyyət göstərən səfirlər və səfirliklərin hərbi attaşeləri, səfirliyimizin əməkdaşları, jurnalistlər iştirak etmişlər.
Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra ordu quruculuğu sahəsində aparılan işlər haqqında danışmış, bu sahədə tanınmış sərkərdələr Əliağa Şıxlinski və Səmədbəy Mehmandarovun xüsusi xidmətləri olduğunu bildirmişdir.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək qeyd etmişdir ki, torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur, 1 milyondan artıq insan öz doğma yurdlarından qovulmuşdur. Lətif Qəndilov müstəqil Azərbaycanın ordu quruculuğu sahəsində aparılan islahatlar haqqında geniş söhbət açmış, ölkəmizdə güclü ordu yaradıldığını bildirmişdir.
Səfir demişdir: “Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik, əgər bu yolla ərazilərimiz işğaldan azad edilməsə, onda nə yolla olursa-olsun torpaqlarımızı azad edəcəyik”.
Səfirliyimizin hərbi attaşesi, palkovnik-leytenant Xəzər Abbasov ölkəmizdə hərbi kadrların hazırlanması, Azərbaycan-NATO əlaqələrinin inkişafı, Azərbaycanda NATO standartları səviyyəsində hərbi təhsil sisteminin yaradılması istiqamətində görülən işlər haqqında danışmışdır.
Qazaxıstan ordusunun polkovniki Ruslan Kusmuldin ölkənin müdafiə naziri Danial Əhmədovun bu münasibətlə təbrikini oxumuşdur.
Mərasimdə Azərbaycanın hərbi gücünü əks etdirən sənədli film göstərilmişdir.