ASTARA RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA YENİ ŞÖBƏLƏR AÇILMIŞDIR
Daxili imkanlar hesabına əsaslı təmir edilən yeni tibb mərkəzində qadınların hamiləlik dövründə müayinəsi, dispanser qeydiyyatına alınması və doğuşdan sonra gənc anaların maarifləndirilməsi üçün lazımi şərait yaradılmışdır.
Burada ultrasəs müayinəsi kabineti və ginekoloji kabinet, konfrans zalı və tibb laboratoriyası fəaliyyət göstərəcəkdir.
Mərkəzdə 10 nəfər tibb işçisi daimi işlə təmin ediləcəkdir.
Xəstəxananın yeni mebel və avadanlıqla təchiz edilmiş 15 çarpayılıq ağciyər xəstəlikləri şöbəsində xəstələrin müayinəsi və stasionar müalicəsi üçün hər cür şərait yaradılmışdır.
Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Oqtay Abbasov, mərkəzi rayon xəstəxanasının baş həkimi Malik Məmmədov, ağsaqqallar şurasının sədri Hamlet Əliyev, tibb işçiləri çıxış edərək regionların inkişafına və səhiyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları yeni tibb mərkəzində və ağciyər xəstəlikləri şöbəsində yaradılan şəraitlə tanış olmuşlar.