Astarada Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş videokonfrans keçirilib
Astara, 7 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 7-də Astara Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan aşıq sənətinin qüdrətli nümayəndəsi, ustad sənətkar Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş videokonfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə Astara, Lənkəran, Lerik, Yardımlı Rayon Heydər Əliyev mərkəzlərinin, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin, Astara Pedaqoji Kollecinin, Astara Rayon Tarix-diyarşünaslıq Muzeyinin əməkdaşları və başqaları iştirak ediblər.
Onlayn tədbirdə çıxış edən Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kubra Səmədova bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Aşıq Ələsgərin 200 illik yubileyi ölkəmizin bütün bölgələrində təntənə ilə qeyd edilir.
Qeyd olunub ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrini ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalqın ruhuyla həmahəng əsərlərini Azərbaycanın mədəni sərvətləri xəzinəsinə misilsiz töhfələr bəxş edib.
Böyük sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin təhlükəsizliyini, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrini təşkil edir.
Onlayn tədbirdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Lənkəran, Lerik və Yardımlı rayon Heydər Əliyev Mərkəzinin direktorları və başqaları mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəbi formalaşdırıb və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərib.