Astarada “Şahin” hərbi-idman oyunları üzrə birinci zona yarışının qalibləri məlum olub
Astara, 6 mart, Bağır Əliyev, AZƏRTAC
Astara şəhər 3 nömrəli tam orta məktəbdə rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyunları üzrə rayon birinciliyinin ilk zona yarışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, birinci zona yarışında Astara şəhər 3 və 2 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq birinci və ikinci yerlərdə qərarlaşıblar. Hər iki komanda martın 29-da keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb.
“Şahin” hərbi-idman oyunları üzrə rayon birinciliyinin 5 zona mərhələsində 43 tam orta məktəbin komandası mübarizə aparacaq. Final mərhələsində birinci yeri tutan komanda apreldə Bakıda keçiriləcək respublika yarışlarında Astaranı təmsil edəcək.