ASTARADA SEÇİCİLƏR FƏALLIQ GÖSTƏRİRLƏR
Astara 1 saylı seçki məntəqəsində olarkən bunun bir daha şahidi olduq.
Məntəqədə birinci səs verənlərdən biri - Rayon Ağsaqqallar şurasının sədri Hamlet Əliyev bildirdi ki, seçkilər demokratik, ədalətli və beynəlxalq standartlara uyğun şəkildə keçirilir. Bu gün biz bunun bir daha şahidi olduq. Hava şəraitinin pis olmasına baxmayaraq, camaat seçkilərdə fəal iştirak edir. Bu, xalqımızın qanunlara hörmətlə yanaşdığının göstəricisidir. Azərbaycan Prezidentinin imzaladığı Sərəncamlar seçkilərin şəffaf keçirilməsi üçün hər cür təminat verir. Bu gün mən ölkəmizin xoşbəxt gələcəyinə, insanların firavan yaşayışına səs verdim.
Müharibə veteranı Sərvəs Tarverdiyev də səsvermənin gedişindən razı qaldığını ifadə edərək, seçkilərin azad və demokratik şəkildə keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlığını bildirdi.
Məntəqə seçki komissiyasının verdiyi məlumata görə saat 12.00-dək 262 nəfər səsvermədə iştirak etmişdir, bu isə seçicilərin 20 faizini təşkil edir.
Xatırladaq ki, Astara rayonunda iki dairə üzrə 68 məntəqə fəaliyyət göstərir. Rayon üzrə 52786 nəfər seçici vardır.
77 saylı Astara dairə seçki komissiyasının sədri Rasim Əliyevin verdiyi məlumata görə saat 12.00-dək dairə üzrə səsvermədə 7628 nəfər iştirak etmişdir ki, bu da seçicilərin 19,6 faizini təşkil edir.
Cənub bölgəsinin digər rayonlarının vətəndaşları da seçkilərdə fəallıq və mütəşəkkillik nümayiş etdirmişlər.
Lənkəran rayonunda fəaliyyət göstərən 4 dairə üzrə 145 məntəqədə 135187 seçici vardır.
Seçkilərin gedişini rayonda 30 nəfər beynəlxalq və 2100 nəfər yerli müşahidəçi izləyir.
Rayonda deputat mandatı uğrunda 45 namizəd mübarizə aparır.
Saat 12.00-dək 21742 nəfər (16 faiz) səsvermədə iştirak etmişdir.
Masallı rayonunda 5 dairə üzrə 109 məntəqə fəaliyyət göstərir, seçicilərin sayı 108131 nəfərdir. 53 nəfər deputatlığa namizədin adı bülletenlərə daxil edilmişdir.
Saat 12.00-dək səsvermədə 27550 nəfər iştirak etmişdir ki, bu da seçicilərin 25,4 faizini təşkil edir.
Lerik rayonunda fəaliyyət göstərən bir dairə üzrə 31452 nəfər seçici 110 məntəqədə səs verəcəkdir.
Dairədə 10 namizəd deputat mandatı uğrunda mübarizəyə qoşulmuşdur.
Saat 12.00-dək 7119 nəfər seçici səsvermədə iştirak etmişdir (22,6 faiz).
Yardımlı rayonunda bir dairə üzrə təşkil edilmiş 82 məntəqədə 35546 nəfər vətəndaşın adı seçici siyahılarına daxil edilmişdir. Saat 12.00-dək seçicilərdən 7777 nəfəri səsvermədə iştirak etmişdir ( 21,9 faiz).
Cəlilabad rayonunda 3 dairə üzrə 101 məntəqə fəaliyyət göstərir.
Saat 12.00-dək seçici siyahılarındakı 112612 nəfər seçicidən 15397 nəfəri səs vermişdir.