ASTARADA SƏRHƏD HƏRBİ İDMAN OYUNLARININ RESPUBLİKA FİNAL YARIŞLARI KEÇİRİLİR
Astara, 3 iyun (AZƏRTAC). Astara rayonunda Sərhəd Qoşunlarının xidməti ərazisində sərhəd hərbi idman oyunlarının respublika final yarışları keçirilir.
Dövlət Sərhəd Xidmətinin, Təhsil, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin onuncu sinif şagirdləri arasında artıq beşinci dəfə keçirilən yarışların birinci mərhələsində 25 rayonun 154 ümumtəhsil məktəbinin 770 şagirdi qələbə uğrunda mübarizə aparmışdır.
Yarışların final mərhələsinə Naxçıvan MR Şərur rayonu Kərimbəyli kənd orta məktəbinin “Araz”, Füzuli rayonu Horadiz qəsəbə orta məktəbinin “Ərgünəş”, İmişli rayonu Qızılkənd orta məktəbinin “Qızılkənd”, Lənkəran şəhərindəki xarici dillər təmayüllü gimnaziyanın “Xəzər”, Xaçmaz rayonu Nabran kənd orta məktəbinin “Qartal”, Qəbələ rayonu Vəndam kənd 2 nömrəli orta məktəbinin “Vəndam”, Baləkən rayonu Poşbinə kənd orta məktəbinin “Sərhədçi” və Şəmkir şəhərindəki M.Füzuli adına məktəb-liseyin “Sərhəd” komandaları vəsiqə qazanmışlar.
Sərhəd Qoşunlarının Lənkəran şəhərindəki “N” saylı hərbi hissəsində final yarışlarının açılışı mərasimi olmuşdur.
Tədbir iştirakçıları və idmançılar hərbi hissənin həyətində ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə “N” saylı hərbi hissənin komandiri, polkovnik Mehman Hüseynov, onun müavini polkovnik-leytenant Cabir Nəcəfov, Təhsil Nazirliyinin nümayəndəsi Elçin Eminov, Gənclər və İdman Nazirliyinin təmsilçisi Həsən Bayramlı və başqaları çıxış edərək yarış iştirakçılarına uğurlar arzulamış, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində, sərhədçi peşəsinə marağının artmasında bu cür yarışların rolunu yüksək qiymətləndirmişlər.
İyunun 9-na qədər davam edəcək final yarışlarında şagirdlər sıra hazırlığı, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülüb-yığılması, sərhəd pozucusunun yaxalanması, tüfəngdən hədəfə atəş açmaq, maskalanma, yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi, ləpirçilik sərhəd idman növləri üzrə qüvvə və bacarıqlarını sınayacaqlar.