Aşura günü ilə əlaqədar Şəkidə qanvermə aksiyası təşkil edilib
Şəki, 25 iyun, AZƏRTAC
Aşura günü ilə əlaqədar iyunun 25-də Şəki şəhərindəki “İmam Əli” məscidində qanvermə aksiyası təşkil edilib.
Respublika Qan Bankının Şəki Bölməsinin müdiri Vüsalə İmamova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən bu xeyirxah aksiya irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım məqsədi daşıyır.
Bölmənin həkim və tibb işçiləri tərəfindən həyata keçirilən aksiyada dindarlar, həmçinin şəhər sakinləri iştirak ediblər.
Aksiya zamanı toplanan qan laborator müayinədən keçirildikdən sonra talassemiya və irsi xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunmaq üçün Respublika Qan Bankına təhvil veriləcək.
Müxbir – Mustafa Dadaşov