ATƏT-in Bakı layihə əlaqələndiricisi Mətbuat Şurasında olmuşdur
Bakı, 23 may (AZƏRTAC). ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski Azərbaycan Mətbuat Şurasında olmuşdur.
AZƏRTAC xəbər verir ki, Şuranın sədri Əflatun Amaşov Aleksis Şaxtaxtinskiyə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat vermişdir. O bildirmişdir ki, media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsini həyata keçirən Şura indiyədək jurnalist peşəkarlığı ilə bağlı çoxsaylı layihələr reallaşdırmışdır. Mövcud təşəbbüslər nəticəsində media nümayəndələrinin ayrı-ayrı sahələr üzrə ixtisaslaşmalarına zəruri dəstək göstərilmişdir.
Mətbuat Şurasının ATƏT ilə birgə layihələrindən bəhs edən Ə.Amaşov “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın təkmilləşdirilməsi və diffamasiya ilə bağlı qanun layihəsi üzərindəki səmərəli fəaliyyəti qeyd etmişdir.
A.Şaxtaxtinski təmsil etdiyi təşkilatın Azərbaycanda jurnalist peşəkarlığı, media və informasiya azadlığı istiqamətindəki təşəbbüslərə önəm verdiyini vurğulamışdır. O, bununla bağlı konkret layihənin mövcud olduğunu diqqətə çatdırmışdır. Bu kontekstdə Mətbuat Şurası İlə əməkdaşlığın zəruriliyinə toxunan A.Şaxtaxtinski etik prinsiplərə dair təlimlərin keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı əməkdaşlığın müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılmışdır.