DÜNYA
ATƏT-İN SƏDRİ MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİNDƏSƏFƏRDƏ OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, S.Passinin Özbəkistan prezidenti İslam Kərimov, parlamentin sədri Erkin Xəlilov və xarici işlər naziri Sadıq Safayevlə görüşlərində Bolqarıstan-Özbəkistan, ATƏT-Özbəkistan münasibətlərinin inkişaf etdirilməsi, Mərkəzi Asiyada vəziyyət və digər məsələlər müzakirə olunmuşdur.
Astanada prezident Nursultan Nazarbayevlə görüşdükdən sonra S.Passi demişdir ki, Qazaxıstan 2009-cu ilə qədər ATƏT-ə sədrliyə namizəd ola bilər. Onun sözlərinə görə, Qazaxıstan iqtisadi inkişafı cəhətdən o biri Mərkəzi Asiya ölkələrindən irəlidədir və son illərdə respublikada demokratik islahatlar uğurla həyata keçirilir.
Qırğızıstan prezidenti Əsgər Akayevin S.Passi ilə görüşündə terrorizmlə mübarizə, narkotrafik, silahların qanunsuz dövriyyəsi, insan hüquqlarının qorunması, demokratik proseslərin dərinləşdirilməsi məsələlərinə toxunulmuşdur. Qonaq ötən il Bişkekdə ATƏT-in Akademiyasının yaradılmasını yüksək dəyərləndirmişdir.
S.Passi Tacikistan prezidenti Emoməli Rəhmonovla görüşdükdən sonra demişdir ki, ATƏT Tacikistanda aparılacaq islahatlara hərtərəfli kömək göstərməyə hazırdır. Sonra S.Passi və Tacikistanın xarici işlər naziri Talbak Nazarov iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlığa dair protokol imzalamışlar. S.Passi ölkədəki siyasi partiyaların rəhbərləri ilə də görüşmüşdür.
S.Passinin Mərkəzi Asiya ölkələrinə səfəri Aşqabadda başa çatmışdır. Yüksək qonaq Türkmənistan prezidenti Saparmurad Niyazov, parlamentin sədri Əvəzgəldi Atayev, xarici işlər naziri Rəşid Meredovla görüşmüş, ATƏT ilə Türkmənistan arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur. Onlar, həmçinin beynəlxalq və regional problemlərlə bağlı fikir mübadiləsi aparmışlar.