ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi istefa verib
Vyana, 22 fevral, AZƏRTAC
ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristin Vigenin tutduğu vəzifədən istefa verib.
AZƏRTAC xəbər verir ki, o, istefa barədə qərarını fevralın 22-də ATƏT PA-nın Vyanada keçirilən 17-ci qış sessiyasında elan edib.
Keçmiş xüsusi nümayəndənin regiona 2017-ci ilin sentyabr ayında səfəri çərçivəsində mandatına və mövcud praktikaya zidd şəkildə Azərbaycan tərəfinin razılığı olmadan işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri ilə görüşməsi Azərbaycan tərəfinin kəskin etirazına səbəb olub. Azərbaycanın qurumdakı nümayəndə heyəti K.Viqeninə qarşı etimadsızlıq məsələsini qaldırmış və onun bu vəzifədə bitərəf, şəffaf və hər üç Cənubi Qafqaz dövlətinin etimadına malik şəxs ilə əvəzlənməsi tələbini qoymuşdu.
ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev bu məsələni şərh edərkən həqiqətən də xüsusi nümayəndəliklə bağlı problemin olduğunu təsdiqləyib. O, ATƏT PA-nın Cənubi Qafqazla bağlı siyasətində yeni dövrün başlanacağına inandığını bildirib: “Ümid edirəm ki, təyin ediləcək yeni xüsusi nümayəndə yaranmış vəziyyəti düzgün təhlil edərək və sələfinin səhvindən dərs çıxararaq fəaliyyətini beynəlxalq hüquqa və Parlament Assambleyasının sənədlərində əksini tapmış mövqeyə uyğun olaraq, şəffaf, bitərəf, qərəzsiz şəkildə quracaq”.
A.Quliyev deyib: “Bu vəziyyət həm də onu göstərir ki, Azərbaycan tərəfi işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təbliği və təşviqi cəhdlərinin qarşısının alınmasında prinsipial mövqedən çıxış edir və bu istiqamətdə bundan sonra da törədilə biləcək istənilən təxribatın və səhv addımın qarşısını qətiyyətlə alacaq”.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana