ATU ilə İğdır Universiteti arasında əməkdaşlıq Memorandumu imzalanıb
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universiteti (ATU) ilə Türkiyənin İğdır Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
AZƏRTAC ATU-ya istinadla bildirir ki, universitetin rektoru, professor Gəray Gəraybəyli və İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Almanın iştirakı ilə keçirilən görüşdə bu əməkdaşlığın, iki ali məktəbin elmi və təcrübi biliklər mübadiləsi aparması, peşəkar tibb kadrlarının hazırlanması baxımından çox önəmli olduğu vurğulanıb. Rektorlar Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən tibb sahəsində qarşılıqlı faydalı əlaqələrin mövcudluğundan məmnunluğunu bildirərək, bu qardaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini qeyd ediblər. Onlar əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağına inandıqlarını bildiriblər.
Əsas məqsədi akademik mübadilə və əməkdaşlığın genişləndirilməsindən ibarət olan memorandum iki universitet arasında Tibb bacısı ixtisası üzrə tələbə-müəllim mübadiləsi, birgə layihələrin icrasını, ikili diplom məsələsində əməkdaşlığı və digər önəmli məqamları nəzərdə tutur.
Qeyd edilib ki, İğdır Universitetinin nümayəndə heyəti ATU-da keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən beynəlxalq konqresdə iştirak üçün Bakıda səfərdədir.