AUDİT QANUNVERİCİLİYİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Sonra Auditorlar Palatasının sədri Vahid Novruzov çıxışında bildirmişdir ki, son dövrdə dövlət başçısının regionların sosial-iqtisadi inkişafına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, qanunsuz yoxlamaların qarşısının alınmasına dair fərman və sərəncamları audit xidmətlərində də irəliləyişə təkan vermişdir. Audit xidmətlərinin həcmi 12,2 faiz artmışdır. Eyni zamanda, könüllü audit xidmətlərinin həcmi 70 faiz çoxalmış, məcburi audit xidmətlərinin həcmi isə 30 faizə qədər azalmışdır. Bu, əlaqədar təşkilatların audit xidmətlərinə marağının artmasının və bu xidmətin səmərəliliyinin göstəricisidir. Auditorlar Palatası da qanunların ekspetizasını keçirmişdir. Məlum olmuşdur ki, yeni qanunlar hazırlanmalıdır. Mütəxəssislərin fikrincə, “Auditor xidməti haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməli, “Daxili audit haqqında”, “Auditorların hüquq məsuliyyətinin icbari sığortası haqqında”, eləcə də auditorların peşə məsuliyyətinin artırılması, icbari sığortalanması ilə bağlı yeni qanunlar qəbul edilməli, audit obyektlərinin adları dəqiqləşdirilməli və sistemləşdirilməlidir.
Çıxış edən deputatlar və digər mütəxəssislər ölkədə audit xidmətinin rolunun artırılmasının, eləcə də qanunvericilik bazasının möhkəmləndirilməsinin vacibliyindən danışmış, təklifləri vermişlər.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov müzakirə olunan mövzu ilə bağlı tövsiyələrini bildirmişdir.