AVROPA BİRLİYİ AZƏRBAYCAN İLƏ SIX TƏRƏFDAŞLIQ MÜNASİBƏTLƏRİNİN İNKİŞAFINDA MARAQLIDIR
XİN-in mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov bu səfərin ölkəmiz üçün əhəmiyyətli olduğunu və Azərbaycanın Avropa strukturlarına inteqrasiya prosesini sürətləndirəcəyini söyləmişdir. O, həmçinin Avropa Birliyinin Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin qorunmasına və möhkəmləndirilməsinə, regionun inkişafına göstərdiyi marağı yüksək qiymətləndirmişdir.
E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, işğal nəticəsində doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin ağır vəziyyətindən danışmış, Avropa Birliyinin bu münaqişənin həllinə daha fəal qoşulacağına ümid etdiyini bildirmişdir.
Ölkəmizin Avropa qonşuluq siyasətinə qoşulmasını vacib bir addım kimi səciyyələndirən nazir, bunun Azərbaycanla Avropa Birliyi arasında sıx tərəfdaşlıq münasibətlərinin inkişafında, habelə fərdi xidmətlər əsasında qurulacaq əməkdaşlığın mexanizmlərinin yeniləşdirilməsində və əlaqələrə yeni elementlərin gətirilməsində mühüm rol oynayacağını qeyd etmişdir.
Daha sonra nazir E.Məmmədyarov Azərbaycanın regionda mühüm coğrafi-strateji rolundan, TRASECA proqramında fəal iştirakından, habelə ölkəmizin bir sıra iri iqtisadi layihələrdəki fəaliyyətindən, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrindən söhbət açmışdır.
Cənab Yaneş Potoçnik təmsil etdiyi qurumun Azərbaycanda və ümumən regionda cərəyan edən prosesləri yaxından izlədiyini və ölkəmizdə siyasi, iqtisadi və digər sahələrdə demokratik islahatların aparılmasına yaxından kömək edəcəyini vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Yaneş Potoçnik ikitərəfli danışıqların davam etdirilməsinin zəruriliyini qeyd etmiş və münaqişənin tezliklə beynəlxalq birliyin birgə səyləri nəticəsində sülh yolu ilə ədalətli həllini tapacağına ümidvar olduğunu bildirmişdir.
Görüşdə xarici işlər nazirinin müavini Araz Əzimov, Azərbaycanın Avropa Birliyi yanında nümayəndəliyinin başçısı səfir Arif Məmmədov, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitiye, iştirak etmişlər.