Avropa İnvestisiya Bankı Mərakeşdə kənd təsərrüfatının dəstəklənməsinə 200 milyon avro vəsait ayırıb
Rabat, 17 sentyabr, AZƏRTAC
Mərakeşin Kənd Təsərrüfatı üçün Borc Qrupu Krallığın kənd təsərrüfatı sisteminin dəstəklənməsi məqsədilə 200 milyon avro məbləğində maliyyə vəsaiti ayrılması barədə Avropa İnvestisiya Bankı ilə saziş imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu, Avropa İnvestisiya Bankı ilə Mərakeşin Kənd Təsərrüfatı üçün Borc Qrupu arasında kənd təsərrüfatı sektorunun dəstəklənməsi üçün ilk tərəfdaşlıq sazişidir. Tərəflərin birgə bəyanatında deyilir ki, bu tərəfdaşlıq Mərakeşin “Yaşıl nəsil 2020-2030” yeni kənd təsərrüfatı strategiyası ilə ayaqlaşmağa istiqamətlənib.
Bu dəstək həm də COVID-19 pandemiyası qarşısında Avropa İttifaqının səfərbərliyi kontekstinə daxildir.
Sazişi Mərakeşin Kənd Təsərrüfatı, Dəniz Balıqçılığı, Kənd Ərazilərinin İnkişafı, Daxili Su Hövzələri və Meşə Təsərrüfatı naziri Əziz Ahannuş və Avropa İnvestisiya Bankının vitse-prezidenti Emma Navarro distant şəraitdə imzalayıblar.
Artıq 40 ildən çox müddət ərzində Mərakeşin əsas tərəfdaşı olan Avropa İnvestisiya Bankı 2007-ci ildən bəri bu ölkəyə 5 milyard avrodan artıq vəsait ayırıb. Bu məbləğin 30 faizi özəl sektora yönəldilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat