Avropa İttifaqı daha bir hökumətlərarası müdafiə fondu yaradacaq

Bakı, 7 aprel, AZƏRTAC
Avropa İttifaqının maliyyə nazirləri aprelin 12-də Varşavada Aİ-nin müdafiə qabiliyyətini gücləndirmək üçün indiyədək elan edilən digər təşəbbüslərə əlavə olaraq yeni hökumətlərarası müdafiə fondunun qurulmasını müzakirə edəcəklər.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə “Bruegel” analitik mərkəzinin Avropa İttifaqında sədrlik edən Polşanın sorğusu üzrə hazırladığı sənəddə deyilir.
Sənədə əsasən, Avropa müdafiə mexanizmi dövlət borcunun səviyyəsini artırmadan külli miqdarda pul cəlb etməlidir. Bu isə yüksək borcu olan bəzi ölkələri narahat edir. Təşəbbüs müəlliflərinin fikrincə, fond müxtəlif müdafiə ləvazimatları ala, onlardan istifadəyə görə haqq götürə, həmçinin kreditlər verə biləcək. Təşəbbüsə Aİ-yə üzv olmayan Böyük Britaniya, Ukrayna və Norveç kimi dövlətlərin də cəlb olunması planlaşdırılır.
Ekspertlərin fikrincə, fondun əsas diqqəti “strateji imkanlara” - hazırda ABŞ-dan tədarük edilən bahalı hərbi infrastruktur və avadanlıqlara cəlb olunmalıdır. Həmçinin buna birgə komanda və idarəetmə sistemləri, peyk kəşfiyyatı və rabitə vasitələri, beşinci və ya altıncı nəsil qırıcı təyyarələr kimi yeni silah sistemlərinin inkişafı daxildir. Burada söhbət həm də strateji hava hücumundan müdafiə, hava və dəniz logistikası, nüvə silahından çəkindirmə vasitələri kimi inteqrasiya olunmuş silah sistemlərindən gedir.
Qeyd edək ki, bir müddət öncə, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen müdafiə sektoru üçün Aİ ölkələrinin 150 milyard avroyadək borc almasını nəzərdə tutan 800 milyard avroluq yenidən silahlanma planını irəli sürüb. Brüsselin planlarına görə, həmin vəsaitin bir hissəsi Ukrayna üçün silah istehsalına yönəldilə bilər.