AVROPA İTTİFAQININ AZƏRBAYCANIN VERGİ SİSTEMİNİN MODERNLƏŞDİRİLMƏSİ LAYİHƏSİ BAŞA ÇATMIŞDIR
Vergilər Nazirliyinin baş idarə rəisi Akif Musayev seminarda bildirmişdir ki, layihə iki il ərzində həyata keçirilmiş və bunun üçün 1,5 milyon avro məbləğində vəsait ayrılmışdır. İşçi qrupu iki il ərzində görülmüş işlərin yekunları əsasında Azərbaycanın vergi sisteminin modernləşdirilməsinə dair tövsiyələrdən ibarət təkliflərini təqdim etmişdir.
Layihə çərçivəsində Azərbaycan Vergi Məcəlləsi ingilis dilinə tərcümə edilmiş, onun interaktiv variantı yaradılmışdır. Seminarda bildirilmişdir ki, layihənin gerçəkləşdirilməsi zamanı bəzi nöqsanlara da yol verilmişdir. Məsələn, korporativ şəbəkə yaradılmasına dair komponent tam işlənib hazırlanmamışdır. Bunun üçün əlavə olaraq 200 min avro məbləğində vəsait ayrılmışdır. Bu məsələlər layihənin rəhbərliyi qarşısında qaldırılmışdır.
Layihənin reallaşdırılması zamanı 30 beynəlxalq ekspertin iştirakı ilə iki istiqamətdə məşğələlər keçirilmişdir. Vergilər Nazirliyinin rəhbər heyəti üçün nəzərdə tutulmuş məşğələlərdə vergilərin strateji və operativ idarə olunması məsələləri müzakirə edilmişdir. Nazirliyin tədris mərkəzində məşğələlər mərkəzin müəllimlərinin iştirakı ilə keçirilmişdir. Nazirliyin əməkdaşları layihə çərçivəsində Rusiya, Fransa və Estoniyadakı həmkarlarının iş təcrübəsi ilə tanış olmaq imkanı da əldə etmişlər.