İDMAN
Avropa Liqası: Londonda heç-heçə, “Marsel” finalın bir addımlığında
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 26-da UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, bu mərhələnin daha maraqla gözlənilən matçı Londonda “Arsenal” ilə “Atletiko” klubları arasında oynanılıb.
Oyunun birinci hissəsi gərgin idman mübarizə şəraitində keçsə də, hesab açılmayıb, lakin maraqlı hadisələrlə yadda qalıb. Matçın 10-cu dəqiqəsində isə “Atletiko”nun futbolçusu Vrsaljko meydandan qovulub. Bir qədər sonra isə hakimə kəskin etiraz etdiyinə görə qonaqların baş məşqçisi Simeone texniki zonadan uzaqlaşdırılıb.
Oyunda hesab 61-ci dəqiqədə açılıb. “Arsenal”ın fransalı hücumçusu Aleksandr Lakazet başla topu rəqib qapısından keçirib - 1:0. Qoldan sonra meydan sahiblərinin hesabı artırmaq üçün bir sıra imkanları olsa da, bunlardan yararlana bilməyiblər. Əvəzində isə daha çox əks-hücumlara üstünlük verən ispanlar oyunun bitməsinə səkkiz dəqiqə qalmış istəklərinə çatıblar. Antuan Qrizman adını tabloya yazdırıb - 1:1.
Beləliklə, görüş heç-heçə başa çatıb.
Yarımfinal mərhələsinin digər oyunu isə Fransada keçirilib. “Marsel” klubu Avstriyanın “Zalsburq” kollektivini qəbul edib və 2:0 hesabı ilə qələbə qazanıb. Meydan sahiblərinin heyətində Florian Tauvən və Klinton NJie fərqləniblər.
Yarımfinal mərhələsinin cavab oyunları mayın 3-də keçiriləcək.