Avropa Şurası macarları maraqlandırmır
Budapeşt, 24 yanvar, AZƏRTAC
Avropa Şurası macarları maraqlandırmır. AZƏRTAC-ın xüsusi müxbiri Macarıstan paytaxtının küçələrində bu ölkənin vətəndaşları arasında Avropa Şurası, onun macar cəmiyyətinin həyatındakı rolu, Avropa Şurası Parlament Assambleyasında milli nümayəndə heyətinin üzvləri, onların fəaliyyəti və sairə haqqında rəy sorğusu keçirib.
Müxtəlif sosial, yaş və gender qruplarını təmsil edən seçilmiş iyirmi anonim respondent arasında keçirilən sorğunun nəticələri əvvəlcədən təxmin edilən bütün gözləntiləri aşıb. Həmin insanların heç biri Avropa Şurasının nə olduğu barədə suala düz-əməlli cavab verə bilməyib. AŞPA-da Macarıstanın nümayəndə heyətinin üzvləri haqqında sualı cavablandıran bir qadın Baş nazir Viktor Orbanın adını çəkib, habelə tamamilə fərqli strukturlar olan Avropa Şurası və Aİ Şurası arasındakı fərqi bilməyib. Respondentlərin daha dörd nəfəri Avropa Parlamenti ilə AŞPA arasında heç bir fərq görməyib.
Respondentlərin heç biri Macarıstanın AŞPA-da nümayəndə heyətinin bir üzvünün belə adını çəkə bilməyib. Amma bələdiyyə orqanlarında öz nümayəndələri ilə bağlı on iki vətəndaş sualı doğru cavablandırıb və hətta onların adlarını və rayonlarda həyata keçirdikləri praktiki layihələri inamla sadalayıb.
Sorğunun nəticələri göstərir ki, Macarıstanda sıravi vətəndaşları yolların və səkilərin vəziyyəti, məişət tullantılarının küçələrdəki urnalardan vaxtında daşınması, parklarda səliqə-sahman AŞPA, Avropa Parlamenti və digər Avropa strukturlarında öz ölkələrinin nümayəndələrinin fəaliyyətindən daha çox maraqlandırır.
Budapeştin küçələrində rəyini öyrəndiyimiz iyirmi nəfərdən heç birinin Avropa Şurasının və onun Parlament Assambleyasının nə olduğu sualına cavab vermək iqtidarında olmaması, həmçinin AŞPA-da onların vətəninin bir nümayəndəsinin adını belə çəkə bilməməsi nəzərə alınarsa, həmin təşkilatın rolu və fəaliyyəti haqqında sonrakı suallar da öz mənasını itirdi.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt