MƏDƏNİYYƏT
Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının növbəti Baş Assambleyası Bakıda keçiriləcək
Bakı, 4 oktyabr, AZƏRTAC
Yunanıstanın Loutraki şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (ATTŞA) növbəti Baş Assambleyası keçirilir. İclasda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin aparıcı məsləhətçisi Günel Aslanova təmsil edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Loutraki şəhərinin meri Georgius Gkionis növbəti Baş Assambleyanın məhz bu şəhərdə keçirilməsindən məmnunluğunu ifadə edib.
Yunanıstanın Bələdiyyələr Birliyinin prezidenti Georgius Patoulis çıxışında bildirib ki, bu kimi tədbirlər üzv ölkələrin sağlamlıq və termal imkanlarının təbliğatı üçün mühüm əhəmiyyət kəsb edir.
Assambleya çərçivəsində Türkiyənin Pamukkale, Rusiyanın Kislovodsk, İspaniyanın Mondariz Balneario, Gürcüstanın İmereti şəhərlərinin təqdimatları keçirilib və səsvermə nəticəsində bu şəhərlər Assosiasiyaya üzv seçilib.
Daha sonra Günel Aslanova tərəfindən Qalaaltı regionunun geniş təqdimatı olub, sağlamlıq və termal imkanları haqqında məlumat verilib, növbəti ildə üzv ölkələr Azərbaycana dəvət edilib.
ATTŞA-nın prezidenti Guiseppa Bellandi 2018-ci ilin may ayında ilk Baş Assambleyanın Azərbaycanda Qalaaltı regionunda keçiriləcəyini bildirib, göstərilən yüksək dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edib.
ATTŞA-nın növbəti Baş Assambleyası işini oktyabrın 5-də yekunlaşdıracaq.
Xatırladaq ki, ATTŞA-ya 15 ölkədən 42 üzv daxildir. Assosiasiya “Tarixi Termal Şəhərlər Birliyi” yaradaraq onların dünyada tanıdılması və yeni termal imkanların araşdırılması istiqamətində mühüm işlər görür.