Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın boru istehsalçılarına dəstək verir
Bakı, 21 dekabr, AZƏRTAC
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) aparıcı yerli istehsalçıların fəaliyyətinin genişləndirilməsini maliyyələşdirmək üçün ilk dəfə olaraq manatla korporativ kredit ayırır.
Bankdan AZƏRTAC-a bildirilib ki, EBRD Azərbaycanda plastik borular, fitinqlər, konteynerlər və qəliblərin aparıcı istehsalçısı, habelə polad boru, boru kəmər elementləri və metal prokatı üzrə aparıcı treyderi olan “METAK” şirkətinə yerli valyutada ilk korporativ krediti ayırır. 8 milyon avro ekvivalentində olan Azərbaycan manatı ilə maliyyələşmə şirkətin fəaliyyətinin genişləndirilməsi planlarının həyata keçirilməsində mühüm rol oynayacaq.
1997-ci ildə ticarət şirkəti kimi təsis edilən “METAK”, uzun illər ərzində uğurlu istehsala imza atıb, Azərbaycanda metal və plastik boruların istehsalı üzrə öndə gedən şirkətlərindən birinə çevrilib.
EBRD-nin ayırdığı kredit artmaqda olan bazar tələblərinə uyğun olaraq “METAK”ın fəaliyyətinin genişlənməsinə şərait yaradacaq. İnvestisiya şirkətin mövqeyini gücləndirəcək və rəqabət qabiliyyətini artmasına səbəb olacaq. “METAK” yeni istehsalat müəssisələrinin inşası da daxil olmaqla, öz fəaliyyətini Sumqayıt və Balaxanıda genişləndirməklə istehsal gücünü daha da artırmağı planlaşdırır.
Bu, Azərbaycanda 2017-ci ilin oktyabr ayında Avropa Yenidənqurma və İnkişaf Bankı və Mərkəzi Bank arasında EBRD-nin yeni imkanları fonunda yerli kiçik və orta sahibkarlığa (KOS) milli valyuta ilə kredit verilməsi ilə bağlı imzalanmış Anlaşma Memorandumundan bəri ilk sövdələşmədir.
EBRD-nin Azərbaycandakı rəhbəri İvana Fernandes Duartenin sözlərinə görə: “Biz Azərbaycanda istehsal və xidmət sektorunun inkişafına dəstək verməyimizdən çox məmnunuq. EBRD özünün uzun müddətli yerli valyuta ilə maliyyələşdirmə və güclü iş təcrübəsinə əsaslanaraq şirkətə gələcəkdə rəqabət qabiliyyətini daha da gücləndirməyə və yerli iqtisadiyyatın şaxələndirilməsinə töhfə verməkdə kömək edəcək”.
EBRD Azərbaycanda aparıcı institusional investordur. Ölkədə fəaliyyətə başlamasından bu günə qədər bank maliyyə, korporativ, infrastruktur və enerji sektoruna 163 layihə üzrə 2,8 milyard ABŞ dolları məbləğində sərmayə yatırmışdır ki, bu da özəl sektora qoyulan investisiyanın 58 faizini təşkil edir.