AVROPADA YAŞAYAN AZƏRBAYCANLI QADINLARI BİRLƏŞDİRƏN YENİ TƏŞKİLAT YARADILACAQDIR
Bakı, 3 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, yaxın günlərdə Avropadakı Azərbaycanlı Qadın Təşkilatları Birliyi təsis olunacaqdır.
Avropa ölkələrində yaşayan azərbaycanlı xanımlar Azərbaycan mədəniyyətini, ədəbiyyatını, incəsənətini, milli adət-ənənələrini təbliğ etmək üçün bir araya gələrək belə bir qurum yaratmaq təklifi ilə çıxış etmişlər. Bu təşəbbüsü ilk olaraq Niderland Krallığında yaşayan, Azərbaycan Yazıçılar Birliyinin və Niderland Yazıçılar İttifaqının üzvü Gülşən Kazımova irəli sürmüşdür. G.Kazımova bildirmişdir ki, 2004-cü ildə Hollandiyada onun rəhbərliyi altında “Ana Vətən” Azərbaycanlı Qadınlar Birliyi fəaliyyətə başlamışdır. Bu cəmiyyətin yaradılmasını Azərbaycan qadınının doğma Vətəndən uzaqda yeni və yad bir mühitə uyğunlaşma prosesində üzləşdiyi problemlər və maneələr zəruri etmişdir. Belə ki, müxtəlif vaxtlarda Avropaya üz tutan qadınlarımız miqrasiya ilə əlaqədar yeni ölkədə başqa xalqın dilində danışmaq, yaşadıqları ölkələrin qayda-qanunlarına, cəmiyyətinə uyğunlaşmaq, iki mədəniyyət və din arasında yeni nəsil yetişdirmək və s. prosesləri yaşayarkən Azərbaycan qadınının güclü potensialı üzə çıxmışdır. Onlar yeni mühitə inteqrasiya etməklə yanaşı, Şərq qadınına xas olan köklərə bağlılıq və ailə dəyərlərinə sadiqlik keyfiyyətlərini də qoruyub saxlaya bilmişlər.
Gülşən Kazımovanın sözlərinə görə, “Ana Vətən” Azərbaycanlı Qadınlar Birliyi yalnız Niderlanddakı qadınları bir araya gətirir. Lakin qeyd edilən problemləri digər Avropa ölkələrindəki azərbaycanlı xanımlar da gündəlik həyatlarında yaşayırlar. “Ana Vətən”in uğurlu təcrübəsini digər ölkələrdəki qadınlarla paylaşmaq yeni yaradılacaq təşkilatın əsas məqsədlərindən biridir. “Ana Vətən”in Avropanın digər ölkələrindəki azərbaycanlı qadınların toplaşdığı təşkilatlarla sıx əlaqələri vardır. Yeni yaradılacaq qurum da elə bu əməkdaşlığa əsaslanacaqdır.
G.Kazımova demişdir ki, qloballaşan dünyada sivilizasiyalararası dialoqun qurulmasında bəşəri və milli dəyərlərin harmoniyasını, sintezini özündə təcəssüm etdirən “Azərbaycan qadını” fenomeninin təbliği olduqca vacibdir. “Bu gün yeni dünyada müasir Azərbaycan qadınının obrazı ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın simasında təcəssüm edir”,- deyən Gülşən Kazımova bildirmişdir ki, Mehriban xanım Əliyevanın ictimayi-siyasi fəaliyyətindən ruhlanaraq, Avropa məkanında Azərbaycanın mənafelərini qorumaq və ölkəmizin imicini daha da yüksək səviyyəyə qaldırmaq istiqamətində görülən işlərə dünya qadın təşkilatları sırasına qoşulmaqla öz töhfəmizi vermək istəyirik.
Qeyd edək ki, bu il noyabrın sonlarına yaxın Almaniyada Avropadakı Azərbaycanlı Qadın Təşkilatları Birliyinin təqdimatı nəzərdə tutulmuşdur. Bununla bağlı Avropanın müxtəlif şəhərlərindən gəlmiş qadınların iştirakı ilə təşəbbüs qrupunun ilk toplantısı keçiriləcəkdir.