Avstriya koronavirusa qarşı peyvənd olunanlar üçün “yaşıl pasport” tələb edir
Vyana, 24 fevral, AZƏRTAC
Avstriyanın Federal Kansleri Sebastian Kurts Avropa İttifaqı ölkələrinin zirvə toplantısı ərəfəsində “yaşıl pasport” sisteminin tətbiqini tələb edib.
AZƏRTAC xəbər verir ki, S. Kurts Yunanıstan və Kiprin təşəbbüsünü dəstəklədiyini və koronavirusa qarşı peyvənd olunan, mütəmadi testdən keçən və xəstəlikdən sağalmış şəxslər üçün bir sıra üstünlüklərin tətbiqinə tərəfdar olduğunu bildirib. O bildirib ki, əgər bu məsələdə ümumavropa yanaşması mümkün olmazsa, o zaman Avstriya milli qaydada “yaşıl pasport“ sistemi üzərində işləyə bilər.
Qeyd edilməlidir ki, Avstriyanın Federal səhiyyə naziri Rudolf Anşober belə bir sistem üzərində iş aparıldığını və müzakirələrin aprel ayına kimi davam edəcəyini, beləliklə də belə bir sisteminin tətbiqinin aprel ayından əvvəl qeyri-mümkün olduğunu ifadə etmişdi. S. Kurts isə daha konkret mövqe tutaraq, mümkün qədər qısa zamanda “yaşıl pasport” sisteminin tətbiqinə çağırıb və bu fikrini ilk növbədə Aİ daxilində səyahət sərbəstliyinin yenidən bərpasının vacibliyi ilə izah edib.
S. Kurts, həmçinin qeyd edib ki, İsrail nümunəsi bu sistemin qısa zamanda tətbiqinin mümkünlüyünü nümayiş etdirir və rəqəmsal həllər sayəsində müasir dövrdə mobil telefonlarda vaxt itirmədən “yaşıl pasport“ tətbiqi hazırlana bilər.
Avropa İttifaqının zirvə toplantısında koronavirusun yeni variantlarına qarşı mübarizə və vaksinasiya kampaniyasının sürətləndirilməsi əsas müzakirə mövzuları olacaq. Ölkə iqtisadiyyatında turizmin payı yüksək olan ölkələr peyvənd vəsiqələrinin tətbiqi yolu ilə böhran içində olan turizm sektorunun canlanacağına və ən azından Avropa daxilində sərbəst hərəkətin bərpa olunacağına ümid edirlər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana