İQTİSADİYYAT
Avtomobil yanacağının qiymətlərinin sabitləşməsi Almaniyada inflyasiyanın səviyyəsinə təsir göstərəcəkmi?
Berlin, 7 mart, AZƏRTAC
Almaniyanın yanacaqdoldurma stansiyalarında avtomobil yanacağının qiymətlərinin sabitləşməsi meyli saxlanır.
AZƏRTAC xəbər verir ki, bəzi azalmalar nəzərəçarpan olmasa da, ötən il dizel yanacağı və benzinə rekord qiymətlərin qeydə alınmasından sonra əhəmiyyət kəsb edir. İndi belə sual narahatlıq doğurur: bu meyil mart ayında qorunub saxlanılarsa, o halda inflyasiyanın səviyyəsinə təsir edəcəkmi?
Həqiqətən, Ukraynada gedən müharibə nəticəsində yaranan enerji böhranı ilə əlaqədar Aİ-nin benzindoldurma məntəqələrində qiymətlərin sürətlə artmasından bir il sonra yanacağın qiyməti qismən normallaşıb. Lakin qiymətlər hələ də yüksək səviyyədədir. Bu, inflyasiyanı ləngidəcəkmi?
Düz 1 il bundan əvvəl, martın 7-də benzinin və “Super E10” dizel yanacağının ölkə üzrə 1 litrinin qiyməti yenidən 2 avronu ötüb. Onun ardınca martın 10-da dizel yanacağının rekord yüksək qiyməti qeydə alınıb - 1 litr üçün 2,321 avro. Martın 14-də “E10” markalı benzinin qiyməti rekord dərəcəyə - 2,203 avroya çatıb.
Əgər rəqabət qüvvələrində heç bir qeyri-adilik baş verməzsə, o halda Almaniyada yanacağın qiymətləri yaxın bir neçə ay ərzində hətta azca ucuzlaşa bilər. Dizel yanacağı ilə benzinin qiymətləri arasında fərq hələ də cüzidir. Bu gün benzin və “E10” premium markalı dizel yanacağı demək olar ki, eyni qiymətdədir - 1 litri 1,75 avro. Əgər mart ayında qiymətlər dəyişməsə, o halda ötən ilin eyni dövrü ilə müqayisədə dizel yanacağı təxminən 18 faiz ucuz, premium markalı benzin isə 15 faizdən az ucuz olacaq. İqtisadçılar hesab edirlər ki, bu, inflyasiyanın səviyyəsində öz təzahürünü tapacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin