CƏMİYYƏT
Ayaqları isti suya qoymaq və limonlu su içmək yüksək qan təzyiqinə çarə deyil
Bakı, 11 yanvar, AZƏRTAC
Ayaqları isti suya qoymaq yüksək qan təzyiqini endirməz. Təsir edərsə, də bu, çox cüzi olar. Bu, müalicəedici üsul deyil.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev nazirliyin instaqram səhifəsində “Həkim məsləhəti olmadan edilən yanlış müalicələr” mövzusunda canlı yayım zamanı deyib.
“Yüksək təzyiq ürəyə, damarlara, beyinə, böyrəklərə mənfi təsir göstərir. Bu da qısa zamanda infarkta, beyin qanamasına qədər gətirib çıxara bilər. Təzyiq yüksək olduğu zaman mütləq həkimə müraciət edilməlidir. Yüksək təzyiqdən əziyyət çəkənlərin həyat şəraitlərini dəyişməsi, zərərli vərdişlərdən uzaq durması və onlara təzyiqin dərəcəsinə görə dərmanların təyin olunması lazımdır. Ayaqları isti suya qoymaq və limonlu su içmək yüksək qan təzyiqinə çarə deyil”, - deyə Z.Quliyev bildirib.