COP29
AYİB nümayəndəsi: COP29-un əsas vəzifəsi iqlim maliyyələşməsi üçün çərçivənin razılaşdırılmasıdır
Ankara, 11 noyabr, AZƏRTAC
İqlim böhranının təsirləri ilə mübarizə aparmaq üçün zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını ödəmək üçün 2030-cu ilə qədər 2,4 trilyon dollar lazımdır. Bakıda işə başlayan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində aparılan iqlim müzakirələri məhz bu məqsədə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İqlim strategiyası və inkişafı üzrə idarəedici direktoru Harri Boyd-Karpenter türkiyəli jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, COP29 üçün prioritet Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) kontekstində iqlim maliyyələşməsi çərçivələrinin razılaşdırılmasıdır.
AYİB nümayəndəsi vurğulayıb ki, dünyada iqlim maliyyələşməsi üçün lazımi vəsait mövcuddur, lakin onların ayrılmasını çətinləşdirən amillər var. “Səbəblərdən biri iqlim dəyişikliklərinin nəticələri ilə mübarizə planlarının yetərincə işlənib-hazırlanmamasıdır, bəzi ölkələrdə isə investisiyaların tənzimlənməsi üçün mexanizmlər yoxdur”, - deyə o qeyd edib.
Daha bir səbəb, H.Boyd-Karpenterin fikrincə, ayrı-ayrı dövlətlərin qeyri-sabit iqtisadi göstəriciləridir ki, bu da investisiya üçün ciddi maneələr törədir.
O bildirib ki, iqlim maliyyələşməsinə mane olan amillər sırasına yaşıl layihələrin bahalı olması da daxildir. “Bu cür layihələr uzunmüddətli perspektivdə çox gəlirlidir, lakin ilkin mərhələdə böyük investisiyalar tələb edir. Buna görə də investorlar hökumətlərdən stimul və dəstək gözləyirlər. Görünür ki, məhz bunlar, inkişaf etmiş ölkələrdən gəlməli olan vəsaitlərdir”, - deyə AYİB nümayəndəsi bildirib.
“Fikrimcə, COP29-un ən mühüm məqsədi NCQG-nin razılaşdırılması və qəbul edilməsi olmalıdır. Bu, siyasi dairələrə də öz təsirini göstərəcək və vəsaitlərin ayrılmasını asanlaşdıracaq”, – deyə H.Boyd-Karpenter fikrini davam etdirib.
O hesab edir ki, inkişaf etməkdə olan ölkələrin iqlim məqsədləri nə qədər iddialı olsa, maliyyə mənbələrinə çıxış bir o qədər asan olacaq. Yaşıl transformasiya məqsədlərinin müəyyən edilməsi dövlətlərin iqtisadi inkişafına da müsbət təsir göstərəcək. İqtisadiyyat nə qədər “ekoloji cəhətdən sağlam” olursa, bir o qədər çox pul cəlb edir. Belə olan halda banklar və investisiya fondları investorları cəlb etməyin yolunu birmənalı olaraq tapacaqlar. Dünyada heç kimin maliyyə kəsiri barədə elan etməyə haqqı yoxdur. Yaxşı düşünülmüş iqtisadi baza mövcuddursa, investisiyalar həmişə tapılacaq”, - deyə H. Boyd-Karpenter əmin olduğunu bildirib.
Eyni zamanda, o vurğulayıb ki, zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqlim maliyyələşdirilməsində gecikmənin hər ili bəşəriyyəti daha mürəkkəb nəticələrə gətirib çıxaracaq.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara