“AZEL” ŞİRKƏTİ “İNTEL PREMİER PROVİDER” STATUSU QAZANDI
“İntel” şirkətinin regional ofisinin direktoru Aleksey Kamayev, “Azel” (Azerbaijan Elektronics) şirkətinin direktoru İqor Yakovenko, “Lazer” layihəsinin meneceri Firuz Talıbov bildirmişlər ki, bu status yalnız yüksək professionallığa, təcrübəyə, aparıcı texnologiyaların uğurlu tətbiqinə nail olan tərəfdaş şirkətlərə verilir. “Azel” bundan sonra regionda “İntel”in ən böyük sifarişçisi, təchizatçı və satıcısı, eyni zamanda, müxtəlif marketinq və texniki tədbirlərinin təşkilatçısı rolunu yerinə yetirəcəkdir. Qeyd edilmişdir ki, “Azel”, “İntel” məhsullarının inteqratoru kimi, artıq bazar seqmentlərini təmin edir, qrafikada, layihələndirmədə istifadə etmək üçün stolüstü, mobil lazer prosessorları, serverlər, yaxud naqilsiz həllər də hazırlayıb satır. Şirkətlərin birgə həyata keçirdiyi “Rəqəmsal ev” layihəsinin kommunikasiyalar, hesablama texnikası, proqram təminatı sahəsində yeni nailiyyət olduğu diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, vahid elektron mexanizmi olan “Rəqəmsal ev”də bütün hissələr (fərdi kompüter, noutbuk, telefon, məişət texnikası və s.) əlaqəli fəaliyyətdə olur, simsiz əsasda bütün qurğuların qarşılıqlı anlaşmasını təmin edir, evin istənilən guşəsini multmedia əyləncə mərkəzinə çevirə bilir, musiqi yazır, televiziya proqramlarına baxmaq, yazmaq, təkrar göstərmək imkanı yaradır.
Çıxışlarda belə bir inam və əminlik vurğulanmışdır ki, “Azel” dünyanın 76 ölkəsində 1400 şirkəti birləşdirən “İntel”in regionda rəsmi baş provayderi statusunu layiqincə doğruldacaqdır.
Sonra şirkətin məhsullarının texniki imkanları nümayiş etdirilmiş, jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.