“Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” - ADPU-da konfrans
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə şəhid ailələrinin, veteranların, dövlət rəsmilərinin, tələbələrin, kursant və zabitlərin, ziyalıların iştirakı ilə “Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi Zəfərin tariximizdə mühüm hadisə olduğunu vurğulayıb. O bildirib ki, bu Zəfər təkcə hərbi qələbə deyil, həm də xalqımızın milli birliyinin, dövlətinə və ordusuna olan sarsılmaz inamının təntənəsidir. Rektor vurğulayıb ki, məhz bu qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunub, xalqımız ədalətin və tarixi haqqın bərpasına şahidlik edib. Qeyd edilib ki, bu gün ölkəmizdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri, azad edilmiş torpaqlarda həyatın yenidən canlanması Prezident İlham Əliyevin qətiyyətli siyasətinin və qalib xalqımızın iradəsinin parlaq göstəricisidir.
Konfransda Milli Məclisin deputatı Nigar Arpadarai, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov və başqaları çıxış edərək 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbədən bəhs ediblər.
ADPU-nun müəllimi, ehtiyatda olan polkovnik Qabil Talıbov, İncəsənət və fiziki tərbiyə fakültəsinin IV kurs tələbəsi Ülvi Həsənzadə 44 günlük Vətən müharibəsindən və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyinin tam şəkildə bərpa edilməsindən danışıblar. Qeyd ediblər ki, məhz Azərbaycan Respublikası Prezidentinin qətiyyəti, Silahlı Qüvvələrimizin fədakarlığı, xalqımızın həmrəyliyi tarixi Zəfərimizi təmin edib, uzun illər davam etmiş işğala son qoyub.
Konfrans müzakirələrlə davam edib.