“Azərbaycan - qayalar içində çiçək...”
Bakı, 15 noyabr, AZƏRTAC
Bilmirəm, nə sirri-xudadırsa bu torpaq insanları özünə yaman cəzb edir. Dünyanın dörd bir tərəfi cənnət-məkan olsa da, Azərbaycan bu gözəlliyin tacı, zivəsi, nur saçan mayakıdır, desək yanılmarıq. Zaman keçir, dünya sürətlə inkişaf edir. Amma Şərqin hikmətini, fəlsəfəsini, müdrikliyini Qərbin müasirliyi ilə birlikdə qoruyan, yaşadan və böyük məharətlə dünyaya təqdim edən Azərbaycan onu deyib gələn hər kəsin yaddaşında əbədi iz salmağı bacarır...
Çoxdan kəşf edilmiş gözəllik
Qafqazı “bəşəriyyətin beşiyi” adlandıran böyük fransız ədibi Aleksandr Düma “Qafqaz əsəri”ndə Azərbaycanın, onun təbiəti və insanlarının ürəyində dərin iz buraxdığını açıq şəkildə vurğulayaraq “Nə olaydı, mənə bir də bu yerlərə gəlmək qismət olaydı!” deyib. Onun Azərbaycana gəldiyi vaxtdan bizi əsr yarımdan artıq bir dövr ayırsa da, avropalılar bu gün də ölkəmiz haqqında öz sələfləri kimi ürəkdolusu danışırlar. Ona görə ki, Şərq və Qərb sivilizasiyalarını bir araya gətirən Azərbaycan insanlarının səmimiliyi və qonaqpərvərliyi, tarixi-mədəni abidələri, gözəl təbiəti, min bir dərdin dərmanı olan mineral bulaqları, milli xörəkləri, musiqisi və bir çox digər sərvətləri ilə hər zaman məşhur olub və olacaq.
Əcnəbi həmkarlarımızın gözü ilə...
Gözümüzü açandan nənələrimizin zümzüməsinin hikmətinə, cəhrəsinin səsinə, xalısının ilməsinə, əllərinin bərəkətinə heyran qalmışıq. Babaların kişilik səltənəti, dözümü, vüqarı əyilməzliyin simvoluna çevrilərək, bizi düşünməyə, özümüzü və sözümüzü tanıtmağa çağırıb. Torpağının hər qarışı bir tarix, canlı sənət möcüzəsi olduğundandır ki, Azərbaycana üz tutan əcnəbilər gördüklərindən heyrətlərini gizləyə bilmirlər. Burada hər daşın öz tarixi, hər qayanın öz salnaməsi, hər sözün min bir hikməti, hər bulağın öz dili, öz nəğməsi var. Bu yurdu, bu torpağı sevməmək mümkünmü? Əsla yox! Mənə elə bir insan göstərin ki, irqindən, dinindən asılı olmayaraq Qobustanda dünyanın daşa dönmüş möcüzəsi qarşısında heyrətdən donub qalmasın, Yanardağda olub odla söhbət etməsin, ilkin yaranışın oda olan sevgisinin nədən qaynaqlandığının fərqinə varmasın. Unudulmaz şairimiz Məmməd Araz demişkən, Azərbaycan - qayalarda bitən bir çiçək, Azərbaycan - çiçəklərin içində qaya.
Məgər hər məmləkət Allahın yaratdığı belə möcüzələrlə bolmu? Bəs bunlar olmasaydı, bu yurdun qədim sakini və dünyanın ən zəngin soya-kökə malik millətlərindən biri olduğumuzu necə anlayıb-anladacaqdıq?
Hələ mən Azərbaycanın bölgələrini demirəm. Bu yerləri gəzənlər və görənlər bilir ki, orada nələr var. Sözümün doğruluğunu təsdiqləyəcək sübut-dəlil çoxdur.
Son illər beynəlxalq əlaqələri genişlənən AZƏRTAC-a üz tutub, Azərbaycanı yaxından tanımaq istəyən xarici ölkələrdəki həmkarlarımızın sayı da yetərincədir. Elə bu payız Azərbaycan haqqında ətraflı məlumat hazırlamaq məqsədilə ölkəmizə gələn Koreya Respublikasının Yonhab agentliyinin müxbiri Lim Donq Kunun təəssüratları necə də riqqətdoğurucudur: “Azərbaycanın hər guşəsi gözəldir. Şəki isə tam fərqli bir məkandır. Bu qədim şəhərlə, tarixi abidələrlə, xüsusilə Şəki xanlarının sarayı ilə, karvansaralarla, Kiş kəndindəki qədim alban məbədi ilə tanışlıq ürəyimcə oldu. Xan sarayı, həqiqətən də möhtəşəm abidədir. Sarayı bəzəyən şəbəkə pəncərələr, divar rəsmləri çox xoşuma gəldi. “Sənətkarlar evi”ndə şəbəkə ustası Hüseynlə tanış oldum, onun əl işlərinə baxdım. Artıq şəbəkə sənətinin sirlərinə az da olsa, bələdəm. Onun emalatxanasında Şəki halvası ilə içdiyim çay mənə xüsusi ləzzət verdi. Düşünürəm ki, usta Hüseyn öz sənəti ilə fəxr edə bilər. Çünki onun sənəti, onun yaratdıqları həqiqətən də bənzərsizdir”.
Bu, əcnəbi jurnalistin təəssüratlarının yalnız cüzi hissəsidir. Lim Donq Kun Şəki, eləcə də Lahıc və Qobustanla bağlı təəssüratları “İmage” jurnalı üçün hazırlayacağı məqalədə, özü dediyi kimi geniş əksini tapacaq.
Hələ mən AZƏRTAC-ın xətti ilə bu ilin iyununda Azərbaycanda olan Dünya Xəbər Agentlikləri Konqresinin sədri, Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd əl-Hüseyn, Böyük Britaniyanın “Press Association” Agentliyinin baş icraçı direktoru Klayv Marşall və digər qonaqların ürəkdolusu təəssüratlarına toxunmuram...
Faktların dili ilə...
Hər zaman faktın aliliyi, deyilən sözün kəsərinə bələdçi olub, sanbalını müəyyən edib. Dediyin və sadaladığın fikirlər özünü konkret faktlarda doğrultmursa, onda dediyin sözünün çəkisi olmaz, hədəfdən yan keçər. Gəlin, bu prizmadan yanaşaraq, ölkəmizdə turizmin vəziyyətinə nəzər salaq. Hər il vətənimizə 1,5 milyondan çox turist gəlir. Əgər 4 il əvvəl Azərbaycanın regionlarında yay mövsümündə 100-150 min nəfər dincəlirdisə, hazırda onların sayı 500 mini ötür. Turistlərin sayının artmasında sadələşdirilmiş viza rejimi mühüm amillərdəndir. Ötən ilin martından ölkəmizdə sadələşdirilmiş elektron viza sisteminin tətbiqinə başlanılıb. Artıq sistemə qoşulmuş 45 aparıcı turizm şirkətləri tərəfindən cari ilin yanvar-avqust aylarında 11933 nəfər üçün elektron viza rəsmiləşdirilib.
On ildən çoxdur ki, Dünya Turizm Təşkilatında (DTT) təmsil olunan ölkəmiz keçən ildən qurumun İcraiyyə Şurasının üzvüdür. Bu uğur Azərbaycan turizminin inkişaf strategiyasının düzgün qurulmasına daha bir sübutdur.
DTT-nin baş katibi Taleb Rifainin ölkəmizdə turizmin inkişafı barədə fikirləri də maraqlıdır: “Azərbaycanın turizm sektoru mühüm uğurlar əldə edir, bu sahədə davamlı, məqsədyönlü addımlar atılır. İnanıram ki, bu inkişaf tempi Azərbaycanın turizm sektorunu daha yüksək səviyyəyə qaldıracaq. Turizmin inkişafı üçün infrastruktur yaradılması çox vacibdir. Bilirəm ki, bu sahədə Azərbaycanda böyük işlər görülür. Azərbaycana gələn turistlərin sayının ilbəil artması da təqdirəlayiq göstəricidir”.
Dünya turizm bazarına inteqrasiya edən ölkəmiz DTT-nin xətti ilə keçirilən bir sıra nüfuzlu sərgilərdə də uğurla təmsil olunur. Təkcə cari ilin 9 ayında Mədəniyyət və Turizm Nazirliyi yerli turizm şirkətləri, mehmanxanalar və Azərbaycan Konqreslər Bürosu ilə birgə London, Paris, Berlin, Moskva, Kiyev, Almatı, Dubay, Frankfurt, kimi böyük şəhərlərdə beynəlxalq turizm sərgilərində iştirak edib. Azərbaycanın turizm potensialını əks etdirən reklam çarxları, milli bayramlarımızı və ölkəmizdə keçirilən müxtəlif festivalları əks etdirən silsilə verilişlər “CNN”, “Euronews”, “TV5 Monde”, “France 24”, “Rossiya”, “Rusiya 2”, “Moya planeta”, “World Travel Channel” və digər nüfuzlu telekanallarda nümayiş olunub.
Ağ qarın isti mənzərəsi
Azərbaycanın yay turizmi üçün əlverişli məkan olması barədə fikirlər artıq köhnəlib. Çünki yayda istirahətə vaxt tapmayanlar, Azərbaycana qışda üz tuturlar. Qusarda Şahdağın ətəyində müasir dağ-xizək, Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda “Tufandağ” Qış-Yay Turizm İstirahət kompleksləri qış istirahətinə üstünlük verənlərin ixtiyarındadır.
Azərbaycanda ən mükəmməl layihələrdən olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin reallaşdırılması respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açıb. Cari ilin yanvar-mart aylarında 60 mindən çox yerli və xarici turist “Şahdağ” kompleksini ziyarət edib. Kompleks yay aylarında da fəaliyyətini davam etdirir və mövsümə uyğun xidmətlər göstərir.
Yol peşəkarlarındır
Hər sahədə olduğu kimi, turizm sənayesinin aparıcı qüvvələri də peşəkarlar olmalıdır. Bu baxımdan kadr hazırlığı, eləcə də gənclərin işlə təmini edilməsi dövlətimizin strategiyasının əsas prioritetlərindəndir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2006-cı ildən fəaliyyətə başlayan Azərbaycan Turizm İnstitutu (ATİ) ötən səkkiz ildə böyük inkişaf yolu keçib. Tələbələr Türkiyə, İsrail, Şimali Kipr Türk Cümhuriyyəti, Almaniya, Yunanıstanda istehsalat təcrübəsi keçirlər. ATİ fəaliyyətə başlayandan yeni ideyaları reallaşdırmaq, nəzərdə tutulan inkişaf planlarını yerinə yetirməkdə maraqlıdır. Bu il instituta 11 ixtisas üzrə 400 tələbə qəbul olunub ki, bununla da ATİ-də oxuyan tələbələrin sayı 1500 nəfərə çatıb.
İnstitutun məzunları sırasında Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin də diplomlarını əldə edənlər az deyildir.
Bakı Turizm Peşə Məktəbində, Mingəçevir Turizm Kollecində turizm ixtisasları üzrə kadr hazırlığı işində mühüm addımlar atılır.
Yeri gəlmişkən...
Azərbaycanın qədim diyarı Naxçıvanın rəmzlərindən biri olan Duzdağ təkcə saf və təmiz duzu ilə deyil, həm də şəfaverici xüsusiyyətlərinə görə tanınıb. Bu məkana üz tutan xarici turistlər dünyada tayı-bərabəri olmayan “Əshabi kəhf”lə tanış olmaq, məşhur “Üzən ada”nı, “Batabat” gölünü seyr etmək imkanı qazana bilirlər. Astma xəstəliyinin müalicəsi üçün illərdən bəri primitiv üsullarla istifadə edilən mağara hazırda günün tələblərinə tam cavab verən müasir sağlamlıq mərkəzinə çevrilib. Dağın içinə doğru 300 metr uzanan və divarları duz qayaları ilə örtülü “Duzdağ” Fizioterapiya Mərkəzinin dünyada bənzəri yoxdur. Buraya gələnlər təxminən bir həftə gecəni duz mağarasında keçirəndən sonra yenidən sağlamlıqlarına qovuşurlar. Sovet dövründə SSRİ-ni idarə edənlərin böyük əksəriyyəti bu mağarada şəfa tapmışdır. Hətta rus çarlarının belə buraya müalicə üçün gəldiyi deyilir.
Təbii gözəlliklər və sərvətlər məskəni Azərbaycan, həm də müalicə əhəmiyyətli mineral suları ilə zəngindir. Respublikamızın şəfaverici sularından biri də Şabran rayonundakı məşhur Qalaaltı bulağıdır. Alimlərimizin apardıqları hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi tədqiqatlar göstərib ki, Qalaaltı suyu tərkibinə görə Zakarpatiyada (Truskavets) çıxan mədən suyu naftusiyanın eynidir.
Respublikamızın möcüzəli sularından biri də Masallıdakı məşhur “İstisu”dur. Bu şəfaverici təbii bulaq Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının ətəyində, Viləş çayının sahilindədir. Bu su yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı temperaturla çıxır. Qədimdə yerli sakinlər bu suyu min bir dərdin dərmanı sayıb möcüzə kimi qəbul ediblər.
Ürəkağrısı ilə deməliyik ki, ölkəmizin ən ecazkar şəfa ocağı-Kəlbəcərdəki əvəzsiz müalicəvi əhəmiyyətə malik olan “İstisu” mineral su qaynaqları bu gün, daha doğrusu, hələlik düşmən tapdağı altındadır.
Aləm cənnətə dönsə ...
Qarabağın işğalı Azərbaycanın təkcə ərazi deyil, həm də bir sıra iqtisadi, sosial və mədəni itkilərlə üzləşməsinə gətirib çıxarıb. Turizm sahəsindəki maddi və mənəvi itkiləri də həmin problemlər sırasına aid etməliyik. Burada hələ sovetlər zamanında yaradılmış kurort zonaları, istirahət və əyləncə guşələrinə keçmiş SSRİ-nin hər yerindən minlərlə insan axın edirdi. Bu yerlərin saf havasından və müalicəvi sularından hər il yüzlərlə insan şəfa tapırdı. Şuşadakı “Şuşa sanatoriyası”, istirahət evləri, məktəblilərin yay tətilində dincəlməsini təmin edən pioner düşərgələri və bu kimi turizm məskənləri xüsusi seçilirdi.
Bu turizm və müalicə obyektləri Azərbaycan xalqının milli-tarixi dəyərlərini dünyaya tanıtmaqla, dövlət büdcəsinə də kifayət qədər gəlir gətirirdi. Ölkəmizin başqa yerlərində olduğu kimi, burada da müstəqilliyimizin verdiyi imkanlardan istifadə edərək daha çox turizm obyektləri inşa etmək olardı. Hazırda belə bir inkişafın və dünyaya çıxmağın qarşısını ermənilərin apardığı ədalətsiz müharibə və işğalçılıq siyasəti kəsir.
İşğal edilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə dağıdılıb. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanıb.
Yayın isti günlərində istirahət üçün yer axtaran paytaxt sakinləri digər bölgələrimizə üz tuturlar və demək olar ki, hər müzakirənin sonunda “kaş Qarabağ bizdə olaydı, oradakı istirahət guşələri cana dərmandır” kimi fikirlər səslənir. Şübhə yox ki, bu arzular da tezliklə çin olacaq.
Abdulla Suvar
AZƏRTAC-ın müxbiri
Məqalə Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycanda milli turizmin inkişafına həsr olunmuş yazı müsabiqəsinə təqdim edilir