MƏDƏNİYYƏT
“AZƏRBAYCAN – SƏXAVƏTLİ DİYARIM” KİTABININ TƏQDİMATI KEÇİRİLMİŞDİR
Mərasimi Milli Məclisin deputatı, Azərbaycanın rus icmasının sədri Mixail Zabelin açaraq, bu fundamental kitabın böyük əmək sayəsində işıq üzü gördüyünü, onun Azərbaycan tarixini, çoğrafiyasını, mədəniyyətini, incəsənətini tam, dolğun şəkildə əks etdirən ilk nəşr olduğunu diqqətə çarpdırmışdır.
Mədəniyyət naziri Polad Bülbüloğlu, Yazıçılar Birliyinin sədri Anar şirkətin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqətə görə minnətdarlıqlarını bildirmiş, bu nadir albomun yüksək poliqrafik səviyyəsini, şəkillərin keyfiyyətini vurğulamışlar. Polad Bülbüloğlu gələn ilin Azərbaycanda Rusiya ili olacağını xatırladaraq, bu kitabın Mədəniyyət Nazirliyi tərəfindən qonaqlara hədiyyə ediləcəyini söyləmişdir.
Şirkətin ictimaiyyətlə əlaqələr departamentinin rəisi Aleksandr Vasilenko birinci üç cildin Rusiyada çap edildiyini bildirmiş, xaricdə çıxan ilk kitabın niyə məhz Azərbaycana aid olduğunu açıqlamışdır. İki min tirajla çap olunmuş kitab üzərində böyük kollektiv tərəfindən bir il ərzində iş aparıldığı qeyd edilmişdir.
“LUKoyl” şirkətinin prezidenti Vahid Ələkbərov qurumun nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini, fotoalbomun ilk nüsxəsinin ölkəmizin başçısına təqdim olunduğunu və kitabın yüksək qiymətləndirildiyini diqqətə çatdırmış və mərasim iştirakçılarına minnətdarlığını bildirmişdir.