Azərbaycan ABŞ-ın Leykvill şəhərində keçirilən beynəlxalq festivalda təmsil olunub
Bakı, 27 may, AZƏRTAC
ABŞ-ın Minnesota ştatında fəaliyyət göstərən icmamız Leykvill (Lakeville) şəhərində keçirilən “Sülh içində Birgə Yaşamanın Beynəlxalq Günü” festivalında Azərbaycanı təmsil edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Minnesota-Azərbaycan Assosiasiyası tərəfindən “Valley Lake” parkında təşkil olunmuş Azərbaycan guşəsində ölkəmizin tarixini, zəngin mədəniyyətini, turizm imkanlarını əks etdirən kitablar, broşürlər, milli geyimlər, suvenirlər və “Azerbaijani Socks” brendinin sahibi Teresa Hamlinin rəhbərliyi ilə azərbaycanlı xanımların əl işlərindən ibarət kolleksiya nümayiş etdirilib.
Tədbir zamanı Azərbaycan guşəsi ilə maraqlanan şəhər sakinlərinə ölkəmiz barədə məlumat verilib, Azərbaycanı vəsf edən, Minnesota-Azərbaycan Assosiasiyasının fəaliyyətini işıqlandıran broşürlər paylanıb.
Festivalın konsert hissəsində Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Krişnanın ifasında “Ağ çiçəyim” Azərbaycan rəqsi təqdim olunub. Diaspor təşkilatı rəhbərinin rəqsini maraqla izləyən tamaşaçılar onun cəsarətli çıxışını alqışlarla qarşılayıblar.