Azərbaycan alimləri beynəlxalq coğrafiyaçılar konqresində iştirak ediblər
Bakı, 24 dekabr, AZƏRTAC
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi, dosent Etibar Bədəlov və Tibbi coğrafiya şöbəsinin kiçik elmi işçisi Turanə Hüseynova İslam dünyasının 6-cı beynəlxalq coğrafiyaçılar konqresində iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, İslam ölkələrinin coğrafiyası, mühiti və iqtisadiyyatının xüsusiyyətlərinə həsr olunmuş onlayn tədbir Xarəzmi Universitetində keçirilib.
Etibar Bədəlov konqresdə Turanə Hüseynova ilə birgə yazdıqları “İslam ölkələrində urbanizasiya və demoqrafik inkişaf” mövzusunda məqaləni təqdim edib. Məqalədə İslam ölkələrində şəhər məskunlaşmasının inkişafı və formalaşması, son illərdə urbanizasiya proseslərinin dinamikası, aqlomerasiya və meqalopolislərin demoqrafik inkişafı, ölkə və regionlar üzrə yerləşməsi təhlil edilib. Ölkələrin və onların yerləşdiyi regionların demoqrafik inkişaf xüsusiyyətləri, o cümlədən əhalinin artım tempinin inkişafı, əhalinin təbii artım, xüsusilə doğum və ölüm prosesləri araşdırılıb. Müsəlman ölkələrində demoqrafik problemlərin həlli yolu üçün islami norma və dəyərlərə uyğun həyata keçirilməsi tövsiyə edilib.