Azərbaycan alimləri beynəlxalq hidrologiya qurultayında iştirak edirlər
Bakı, 21 noyabr (AZƏRTAC). Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində noyabrın 19-dan başlayan beynəlxalq hidrologiya qurultayında Azərbaycan alimləri də iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, hər 5 ildən bir keçirilən qurultayda hidrologiyanın aktual elmi praktik problemləri, o cümlədən dünya su problemi, su ehtiyatlarının qiymətləndirilməsi, sudan istifadə, sel və daşqın hadisələrinin proqnozu, iqlim dəyişmələrinin səth və yeraltı su ehtiyatlarına təsiri, transsərhəd çay sularından istifadədə beynəlxalq və regional əməkdaşlığın inkişaf perspektivləri kimi məsələlər müzakirə olunur.
Qurultayda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Rza Mahmudov “Qlobal iqlim dəyişmələri və Azərbaycanda təhlükəli hidrometeoroloji hadisələr” mövzusunda, Bakı Dövlət Universitetinin hidrometeorologiya kafedrasının müdiri, professor Fərda İmanov isə “Azərbaycan Respublikası ərazisindən Xəzər dənizinə tökülən çayların axım dəyişkənliyi” mövzusunda məruzə ilə çıxış etmişdir.
Azərbaycan alimləri qurultay çərçivəsində UNESCO-nun Beynəlxalq Hidroloji Proqramı üzrə 8-ci fazasının müzakirəsində tədbirdə iştirak edəcəklər. Bu tədbirdə dünyanın müxtəlif regionları üzrə hidroloji dəyişmələrlə əlaqədar səth və yeraltı sulardan istifadə, onların kəmiyyət və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi, gələcəkdə su və urbanizasiya, hidrologiya sahəsində texniki və yüksək ixtisaslı peşəkar kadrların hazırlanması kimi aktual məsələlərin müzakirəsi aparılacaqdır.