AZƏRBAYCAN AVROPA BİRLİYİ İLƏ ƏMƏKDAŞLIĞA BÖYÜK ƏHƏMİYYƏT VERİR
Qonaqların Azərbaycana səfərlərinin çox uğurlu olacağına əminliyini bildirən Elmar Məmmədyarov Azərbaycanın xarici siyasətindəki prioritetlərə dair nümayəndə heyətini maraqlandıran məsələlər və ölkəmiz haqqında geniş məlumat vermişdir. Nazir Azərbaycanın Avropa Birliyi, Avropa Şurası, NATO kimi beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığını, o cümlədən Avropa Birliyinin “yeni qonşuluq” proqramındakı iştirakını Avropa strukturlarına inteqrasiyanın parlaq nümunəsi kimi səciyyələndirmişdir. Azərbaycanın Avropa Birliyi qurumları ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayan Elmar Məmmədyarov bu əlaqələrin daha da genişləndirilməsinin ölkəmiz üçün vacib olduğunu söyləmişdir.
Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri layihələri barədə geniş məlumat verən nazir gələn il Bakı-Tbilisi-Ceyhan əsas neft boru kəməri ilə Azərbaycan neftinin Avropa bazarlarına çıxarılacağını xatırlatmış və gələcəkdə Avropa ölkələri ilə Azərbaycan arasında enerji sektorunda əməkdaşlığın genişlənəcəyini bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan, bu problemin sülh yolu ilə həlli üçün beynəlxalq təşkilatlarla əməkdaşlıqdan söz açan xarici siyasət idarəsinin rəhbəri qonaqların diqqətini Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində son zamanlar aparılan qeyri-qanuni fəaliyyətə, xüsusilə də bu torpaqlara erməni əhalisinin yerləşdirilməsinə yönəldərək, bu məsələdə dünya ictimaiyyətinin beynəlxalq hüquq normalarına əsaslanan qəti mövqeyinin bəyan edilməsinin vacibliyini vurğulamışdır.
Ölkəmizdə aparılan demokratik islahatlar barədə danışan nazir hazırda həmin prosesin davam etdiyini, bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığın son dərəcə vacib olduğunu bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.