AZƏRBAYCAN AVROPA BİRLİYİNƏ İNTEQRASİYADA MARAQLIDIR
Hökumətin başçısı həmçinin qeyd etdi ki, Azərbaycan Avropa Birliyinə tezliklə qəbul olunmaq üçün bütün öhdəlikləri yerinə yetirir. O, Azərbaycana bütün sahələrdə göstərilən uzunmüddətli yardıma görə Avropa Birliyinin və bu təşkilatın bütün qurumlarının rəhbərliyinə təşəkkürünü bildirdi. Baş nazir ölkəmizdə aparılan iqtisadi islahatlardan danışarkən vurğuladı ki, Azərbaycan AB qarşısında kredit öhdəliklərini yerinə yetirən yeganə Cənubi Qafqaz dövlətidir. Azərbaycanda yoxsulluğun azaldılmasına dair dövlət proqramı qəbul edilmişdir və onun tam miqyasda həyata keçirilməsi üçün ölkəmizə beynəlxalq təşkilatların maliyyə və institusional yardımı gərəkdir.
Artur Rasizadə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nə kimi müsibətlər yaratdığı barədə də məlumat verərək dedi ki, bu münaqişə nəticəsində Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizində etnik təmizləmə aparmış və 1 milyon dinc vətəndaşı öz doğma ocaqlarından didərgin salmışlar.
Yaneş Potoçnik səmimi qəbula görə təşəkkürünü bildirərək dedi ki, “Avropa qonşuluğu siyasəti” proqramının ilkin mərhələsində onun iştirakçısı olan ölkələr arasında məruzə hazırlanacaq və burada AB ilə əməkdaşlığın müxtəlif cəhətləri öz əksini tapacaqdır. Sənədin hazırlanmasında Azərbaycan hökumətinin təklifləri nəzərə alınacaqdır. Bu sənəd əsasında onun gerçəkləşdirilməsi üçün tədbirlər planı hazırlanacaqdır. Yaneş Potoçnik bildirdi ki, sənəd gələn ilin yazınadək tam hazır olacaqdır.
Görüşdə Azərbaycanın Avropa Birliyi yanında nümayəndəliyinin başçısı səfir Arif Məmmədov, AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyke Talvitiye, Fransanın ölkəmizdəki səfiri Rolan Blatman iştirak edirdilər.