AZƏRBAYCAN AVROPA ŞURASININ PRİNSİPLƏRİNƏ SADİQDİR
SUAL: Cənab səfir, Azərbaycanın KİV-lərinin məlumatına görə, Avropa Şurasının baş katibi Valter Şvimmerin aprelin əvvəlində Bakıya səfəri gözlənilir. Bu səfər və digər gələcək tədbirlərə dair məlumat verə bilərsinizmi?
CAVAB: Bəli, baş katibin Azərbaycana rəsmi səfəri gözlənilir. Mən bu səfəri Azərbaycanın əldə etdiyi irəliləyişin tanınması və dəstəklənməsi kimi qiymətləndirirəm. Sözsüz ki, bu səfər zamanı Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın əsas prioritetləri, Azərbaycanda demokratik proseslər, Ermənistan-Azərbaycan münaqişəsi məsələləri müzakirə olunacaqdır. Bu səfər baş katibin ölkə ilə yaxından tanış olmasına, onda müəyyən təəssürat yaranmasına imkan verəcəkdir.
Sonra bildirmək istərdim ki, Avropa Şurası Parlament Assambleyasının sədri Piter Şiderin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin sonunda Strasburqa səfəri və AŞPA-da çıxışı gözlənilir. Mən bu dəvəti Azərbaycan tərəfi ilə dialoqun dərinləşməsinin göstəricisi kimi səciyyələndirirəm. Sirr deyil ki, AŞPA rəhbərliyi Prezident İlham Əliyevin sabiq sədr müavini qismində Assambleyanın işinə verdiyi töhfəni xatırlayır və bu mənada dövlətimizin başçısının fəaliyyətinə dəstək verilməsində maraqlıdır. Bu səfər Avropa Şurası-Azərbaycan münasibətlərində yeni əməkdaşlıq səhifəsinin açılmasına xidmət edəcəkdir. Ümumiyyətlə, demək istəyirəm ki, Avropa Şurası Prezident İlham Əliyevi iradəli, təcrübəli və güclü siyasətçi kimi qəbul edir.
SUAL: Siz, ümumiyyətlə, Azərbaycanın Avropa Şurasında üzvlüyünü necə dəyərləndirirsiniz?
CAVAB: Müsbət. Özü də bu qiyməti obyektiv sayıram. Bu, ilk növbədə, Azərbaycanın demokratik cəmiyyətin qurulması istiqamətində əldə etdiyi əsaslı irəliləyişlə bağlıdır. Heç də asan olmayan məsələlərdə Azərbaycan hökuməti real siyasi iradə və Avropa prinsiplərinə sadiqliyini nümayiş etdirmişdir. Bunu təsdiq edən misallar çoxdur. Bir sıra öhdəliklərlə bağlı məsələlərin həll olunması istiqamətində səylər davam etdirilir.
Bundan əlavə, Azərbaycan cəmiyyətinin Avropa ilə tarixi və mədəni əlaqələrinə nəzər yetirmək lazımdır. Demək istəyirəm ki, indiki cəmiyyətimizdə gedən Avropa meylli proseslər, həyata keçirilən inteqrasiya siyasəti məntiqi xarakter daşıyır. Artıq cəmiyyətimizdə, yeni nəsildə Avropa dəyərlərinin dərindən mənimsənilməsi prosesini izləmək olar, insanların siyasi və mədəni-etik şüuru möhkəmlənir.
SUAL: Siz Azərbaycanın Avropa Şurası prinsiplərinə sadiqliyindən danışdınız. Hansısa konkret misallar çəkə bilərsinizmi?
CAVAB: Əlbəttə, bu misallar, əsasən, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır. Məsələn, “siyasi məhbuslar” deyilən problemi göstərmək olar. Bildiyiniz kimi, bu məsələdə Azərbaycanın rəsmi mövqeyi ilə Avropa Şurasının mövqeyi kifayət qədər fərqlənir. Biz buna tam hüquqi problem kimi baxırıq, AŞ isə siyasi məsələ kimi qəbul edir. Lakin Azərbaycan hökuməti bu problemin bağlanması üçün əməkdaşlıq ruhunda ciddi səylər göstərmişdir. Məsələnin, demək olar ki, həllində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı son iki əfv fərmanı xüsusi rol oynamışdır. Bununla bağlı Nazirlər Komitəsinin yekdilliklə qəbul etdiyi bəyanatı, həmçinin baş katibin verdiyi bəyanatı xatırladardım. Prinsipcə, bu problem bağlanıb və əminəm ki, bir sıra mövcud texniki məsələlər yaxınlarda nizamlanacaqdır.
Eyni zamanda, deməliyəm ki, Azərbaycandan olan bəzi şəxslər “siyasi məhbuslar” deyilən məsələnin bağlanmaması üçün işlərini davam etdirir, AŞ-yə yanlış məlumatlar göndərirlər. Lakin, artıq Avropa Şurası süni yaradılmış bu problemin müəlliflərini ciddi qəbul etmir.
SUAL: Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan üçün ən birinci problem olduğunu nəzərə alsaq, Avropa Şurasında bu məsələyə dair hansı konkret nəticələr əldə edilibdir?
CAVAB: Ermənistanın hərbi təcavüzü başlayan vaxtdan AŞ Nazirlər Komitəsinin qəbul etdiyi müxtəlif bəyanatlarda Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu göstərilir və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə riayət edilməsinin zəruriliyi vurğulanır. Bu məsələ eynilə Avropa Şurası Parlament Assambleyasının müxtəlif komitələrində də müzakirə olunur və bu qurum qəbul etdiyi sənədlərdə AŞ-yə üzv ölkələrin beynəlxalq aləmdə tanınmış sərhədlərinə hörmət edilməsini bildirir.
AŞ-yə qəbul zamanı Ermənistan və Azərbaycan bu münaqişənin həll olunmasına dair müvafiq öhdəliklər götürmüşlər. Üzv olduğumuz müddətdə Azərbaycan tərəfi erməni işğalının mənfi nəticələrini önə çəkmiş və müxtəlif təşəbbüslərlə çıxış etmişdir. Belə ki, cənab İlham Əliyevin səyləri nəticəsində “Ermənistan tərəfindən işğal olunmuş ərazilər” ifadəsi AŞPA-nın əlaqədar qətnamə və tövsiyələrinə salınmışdır. Bu, Ermənistanın işğalçı tərəf olduğunu aydın göstərir. Eyni zamanda, cənab İlham Əliyev Ermənistan–Azərbaycan münaqişəsi məsələsinə Assambleyanın Siyasi Komitəsində baxılması və məruzəçinin təyin olunması təşəbbüsü ilə çıxış etmişdir. Bunun əsasında, bildiyiniz kimi, britaniyalı deputat Terri Devis bu məsələyə dair məruzə hazırlayır.
Avropa Şurası Azərbaycanın ağır vəziyyətindən agahdır, lakin daim ermənilərin ənənəvi təxribat və yalanları ilə rastlaşır. Mənə elə gəlir ki, artıq Avropa Şurası erməni işğalının təhlükəsini anlayır və öz mandatına uyğun mümkün səylər göstərir. Erməni təcavüzünün regionda demokratiya proseslərinə, insan hüquqlarının qorunmasına, regional əməkdaşlığın həyata keçirilməsinə mənfi təsiri etiraf edilir.
Elə bu yaxınlarda növbəti erməni təxribatının mahiyyəti aşkar olmuşdur. Mən xırdalıqları açıqlamıram, lakin bildirmək istəyirəm ki, bu yaxınlarda Ermənistanın AŞ yanındakı daimi nümayəndəsi erməni işğalı altında olan Azərbaycan ərazilərinə qeyri–qanuni səfər etmişdir. Bizim qaldırdığımız bu məsələ Nazirlər Komitəsinin bürosunda baxılmışdır. Nazirlər Komitəsi sədrinin Azərbaycan tərəfinə ünvanladığı məktubda Dağlıq Qarabağ bölgəsinin, beynəlxalq hüquqa əsasən, Azərbaycana məxsus olduğu bir daha təsdiqlənmişdir.
SUAL: Avropa Şurası demokratiya, qanunun aliliyi və insan hüquqları məsələləri ilə məşğul olur. Bu mənada hansı konkret sahələr Azərbaycan üçün əhəmiyyət kəsb edir?
CAVAB: Azərbaycan bu mötəbər təşkilatın yeni üzvüdür və bundan əlavə, müstəqilliyini bərpa etmiş gənc dövlətdir. Tarixi baxımdan milli demokratiya ənənələrimizin öyrənilməsi və inkişaf etdirilməsi vacibdir. Eyni zamanda, müasir nailiyyətlərdən faydalanmaq üçün Avropa Şurasının dediyiniz sahələrdəki zəngin təcrübəsi, standartları Azərbaycan üçün əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq prosesində götürülmüş öhdəliklər həyata keçirilir. Prioritet kimi məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, söz azadlığının inkişaf etdirilməsi və demokratik təsisatların fəaliyyətinin səmərələşdirilməsini göstərmək olar. Cəmiyyətdə siyasi mədəniyyət səviyyəsinin qaldırılması, mətbuatın öz məsuliyyət və vəzifələrini dərk etməsi aktualdır. Bu səpkidə Azərbaycan–Avropa Şurası əməkdaşlığının son məqsədi demokratiyanın gücləndirilməsidir, bu proses isə davamlı xarakter daşıyır.
SUAL: Azərbaycanla bağlı məsələlərdən kənarlaşsaq, deyə bilərsinizmi, hazırda Avropa Şurasının siyasi gündəliyində hansı məsələlər durur?
CAVAB: Gündəlikdə, əsasən, üç aktual məsələ durur. Birincisi, Avropa Şurasının Cənubi–Şərqi Avropa və Cənubi Qafqaz bölgələrində demokratik proseslərin gedişinə sıx nəzarətidir. Bizim regiona gəldikdə, Avropa Şurası regionun demokratik sabitliyi üçün mövcud təhlükələrə, xüsusən həll olunmamış münaqişələrə fikir verir.
İkincisi, Avropa Şurasının mümkün 3-cü zirvə toplantısının keçirilməsi məsələsidir. Avropa məkanında yeni siyasi arxitekturanın qurulmasında bu təşkilatın gələcək rolunun və fəaliyyətinin müəyyənləşdirilməsi əhəmiyyət kəsb edir.
Üçüncü məsələ isə terrorizmlə mübarizədir. Avropa Şurası bu məsələdə çox fəaldır və mühüm bir hüquqi sənəd hazırlamışdır. Bizim nümayəndəmiz terrorçuluğa qarşı mübarizə komitəsi bürosunun üzvü qismində bu işə öz töhfəsini verir.
Ümumiyyətlə, Azərbaycan tərəfi əhəmiyyət kəsb edən məsələlərlə bağlı müntəzəm olaraq konkret təkliflərlə çıxış edir və mövqeyini bildirir.