İQTİSADİYYAT
Azərbaycan Avropanın enerji təhlükəsizliyində gələcəkdə də mühüm rol oynayacaq
![Azərbaycan Avropanın enerji təhlükəsizliyində gələcəkdə də mühüm rol oynayacaq](/files/2023/1/1200x630/1680521799142472964_1200x630.jpg)
Bakı, 3 aprel, AZƏRTAC
Ötən 8 ay ərzində Azərbaycan ilə “Masdar”, “ACWA Power” və “Fortescue Future Industries” şirkətləri arasında 25 QVt həcmində “yaşıl enerji” layihələrinin həyata keçirilməsi üzrə əməkdaşlıq haqqında sənədlər imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Elnur Sultanov Bakıda keçirilən Azərbaycan-ABŞ Yaşıl Enerji Forumunda çıxış edərkən deyib. O bildirib ki, bu layihələr 2040-cı ilədək mərhələli şəkildə həyata keçiriləcək: “İstifadəyə verilməsi planlaşdırılan stansiyalar tələbatımızdan daha çox enerji istehsal etmək potensialına malikdir. Xəzər dənizinin ölkəmizə aid olan sektorunda 157 QVt külək enerjisi istehsal etmək potensialı var. Naxçıvan isə “yaşıl investisiya” üçün ən cəlbedici məkanlardır. Burada külək və günəş enerjisinin istehsalı üçün böyük imkanlar var və bu imkanlardan istifadə etməkdə qərarlıyıq. Naxçıvanda 1500 MVt gücündə enerji istehsalı üçün xarici investisiya layihələri ilə bağlı planlar var”.
Nazir müavini qeyd edib ki, 2030-cu ilədək Azərbaycanda 25 QVt elektrik enerjisi istehsal olunacaq. Ölkəmizin “yaşıl enerji” hasilatındakı ümumi potensialı 200 QVt təşkil edir. Bu böyük potensialdan istifadə edən Azərbaycan gələcəkdə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.