Azərbaycan Beynəlxalq Geofizika Konfransı keçirilib
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 1-dən 3-dək Azərbaycan Milli Geofizika Komitəsinin Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti (AMGK-SEG) və Neft Mühəndisləri Cəmiyyəti (SPE) ilə birgə “Cənubi Xəzər və oxşar çökəkliklərin karbohidrogen potensialının geofiziki tədqiqatlarla qiymətləndirilməsi” mövzusunda X Azərbaycan Beynəlxalq Geofizika Konfransı keçirilib.
Həmin konfransda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və mərkəzin əməkdaşları iştirak ediblər.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Hümbət Vəliyev, Səbinə Kazımova “Sakit seysmik ərazilərdə neft yataqları laylarına vibroseysmik təsirin nəticələri”, Ramidə Kəramova “Azərbaycanda flüidlərin seysmomonitorinqi əsasında Xəzərdə qazılan quyularda seysmik təhlükə ilə əlaqədar qəzaların qarşısının alınması”, Hümbət Vəliyev, Rauf Muradov, Camal Məmmədov “Palçıq vulkanlarının yaratdığı geodinamik gərginliyin ekogeofiziki üsullarla tədqiqi”, Etibar Qaravəliyev isə “Azərbaycan ərazisində neftlə çirklənmiş sahələrin tədqiqi” mövzularında məruzələrlə çıxış ediblər.