Azərbaycan-BMT əlaqələri etibarlı tərəfdaşlıq prinsipləri üzərində qurulub
Bakı, 4 fevral, AZƏRTAC
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Brukla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan ilə BMT arasında fəal əməkdaşlığın uğurlu inkişafında rabitə və yüksək texnologiyalar sahəsinin rolundan danışan Əli Abbasov əməkdaşlıq çərçivəsində bir çox layihələrin həyata keçirildiyini vurğulayıb. Azərbaycan-BMT əlaqələrinin etibarlı tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdıran nazir A.Brukun ölkəmizdəki fəaliyyəti dövründə bu münasibətlərin daha da dərinləşəcəyinə əminliyini bildirib.
Ölkəmizdə aparılan islahatları yaxından izlədiyini deyən A.Bruk respublikanın iqtisadi inkişafında informasiya-kommunikasiya texnologiyalarının İKT-nin prioritet amil kimi önə çəkilməsindən məmnunluğunu ifadə edib. BMT rəsmisi Azərbaycan iqtisadiyyatının diversifikasiyası istiqamətində yüksək texnologiyalar sahəsi üzrə aparılan işləri yüksək dəyərləndirib. BMT-nin İnkişaf Proqramının Azərbaycan Hökuməti ilə tərəfdaşlığının dinamik və genişmiqyaslı olduğunu vurğulayan A.Bruk əlaqələri möhkəmləndirməklə, gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradılacağını, xüsusən Azərbaycanın koordinatorluq etdiyi “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinə ciddi marağın olduğunu diqqətə çatdırıb.
Görüşdə eyni zamanda, İKT sahəsində BMTİP ilə əməkdaşlığın yeni istiqamətləri, o cümlədən cari ildə həyata keçiriləcək layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.