Azərbaycan Buxarestdə keçirilən “Time to act” adlı regional görüşdə təmsil olunub
Bakı, 6 aprel, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisi və Rumıniyanın Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Buxarest şəhərində “Time to act” (Hərəkət etmək vaxtıdır) adlı yüksək səviyyəli regional görüş keçirilib.
AZƏRTAC ÜST-nin Azərbaycandakı nümayəndəliyinə istinadla bildirir ki, tədbir Avropada və Mərkəzi Asiyada səhiyyə işçilərinin müdafiəsi, dəstəklənməsi və bu sahəyə investisiya qoyuluşu kimi istiqamatlər üzrə dövlət qayğısının gücləndirilməsinin əhəmiyyəti mövzusuna həsr olunub.
ÜST-nin Avropa regionundakı 53 üzv dövlətdən 50-nin iştirakı ilə keçirilən görüşdə Azərbaycan nümayəndə heyəti Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası və “Yeni klinika”nın əməkdaşlarından ibarət nümayəndə heyəti ilə təmsil olunub.
Tədbirdə üzv 13 ölkədə həkimlərin 40 faizinin artıq 55 və daha yuxarı yaşda olması və bu göstəricinin işçi qüvvəsinin davamlılığı üçün ciddi problem yaratdığı diqqətə çatdırılıb. Eyni zamanda, bildirilib ki, bəzi ölkələrin gənclərinin səhiyyə sisteminə cəlb edilməsi və onları bu sahədə fəaliyyət göstərməyə təşviq etmək getdikcə daha da çətinləşir.
Tədbirin yekununda iştirakçılar tərəfindən Buxarest Bəyannaməsi qəbul olunub. Bəyannamə səhiyyə işçilərinin işə qəbulu, onların fəaliyyətinin optimallaşdırılması, bu sahəyə dövlət investisiyasının artırılması və digər mühüm istiqamətlər üzrə məsələləri əks etdirir.