AZƏRBAYCAN-ÇİN DOSTLUQ VƏ ƏMƏKDAŞLIQ CƏMİYYƏTİNİN İKİNCİ İLDÖNÜMÜ QEYD EDİLDİ
ÇXR-in Azərbaycandakı səfiri Çjan Siyun təbrik nitqi ilə çıxış edərək, son 10 ildə ölkələrimiz arasında münasibətlərin yeni səviyyəyə qalxdığını vurğuladı və bildirdi ki, bu münasibətlərin əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1994-cü ilin martında Çin Xalq Respublikasına rəsmi səfəri ilə qoyulmuşdur.
Diplomat Azərbaycan-Çin Dostluq və Əməkdaşlıq Cəmiyyətinin fəaliyyətinin iqtisadi, mədəni və elmi əlaqələrin inkişafına köməyə yönəldildiyini xatırladaraq dedi ki, ötən iki ildə ölkələrimiz arasında əmtəə dövriyyəsinin 10 dəfə artması ikitərəfli əlaqələrin möhkəmlənməsinə sübutdur. Neft hasilatı, energetika sahəsində əməkdaşlıq, parlamentlərarası əlaqələr fəal surətdə genişləndirilir.
Səfir onun ölkəsi ilə əməkdaşlığın inkişafı sahəsində böyük səylər göstərdiyinə görə cəmiyyətin prezidenti, tanınmış alim, Milli Elmlər Akademiyasının akademiki, Milli Məclisin deputatı Cəlal Əliyevə xüsusi minnətdarlığını bildirdi.
Sonra cəmiyyətin vitse-prezidenti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov mərasim iştirakçılarını cəmiyyətin prezidenti adından təbrik edərək dedi ki, Azərbaycan-Çin əlaqələrinin qədim tarixi var. Çindən başlanan Böyük İpək yolu üstündəki ölkələr arasında ticarət fəal inkişaf etmişdi. Hazırda Azərbaycan ilə Çin arasında əməkdaşlığın yaxşı perspektivləri var və əminəm ki, cəmiyyətimizin fəaliyyəti sayəsində bu əlaqələr daha da möhkəmlənəcəkdir. O, xüsusi vurğuladı ki, ÇXR Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində ölkəmizin mövqeyini dəstəkləyir.
Cəmiyyətin vitse-prezidenti ölkələrimiz arasında əməkdaşlığın inkişaf xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, energetika sahəsində ikitərəfli əlaqələrin genişləndiyini nəzərə çarpdırdı.
Sonra BDU-nun şərqşünaslıq fakültəsinin Çin dili şöbəsinin tələbələri və bu dilin öyrədildiyi 134 nömrəli məktəbin yuxarı sinif şagirdləri Çin dilində şerlər söylədilər.
Mərasimdə illüstrasiyalı Azərbaycan-Çin lüğətinin təqdimatı oldu və yaradıcılığında Şərq mövzularının üstünlük təşkil etdiyi rəssam Zaur Əliyevin əsərlərinin sərgisi açıldı.